Biləsuvarda hərbi sursat aşkarlanıb

Biləsuvarda hərbi sursat aşkarlanıb
  15 Sentyabr 2018    Oxunub:9242
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Sentyabrın 14-də qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 8 ədəd partlamamış hərbi sursat və 1 ədəd tam korroziyaya uğramış AK-74 avtomatı aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 7 600 kvadratmetr əraziyə yerüstü və 520 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

On dörd gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 764 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1 ədəd AK-74 avtomatı aşkar olunub, 133 min 700 kvadratmetr əraziyə yerüstü və 8 050 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

AzVision.az


Teqlər: SN  





Xəbər lenti