4700 tələbə Elşad Abdullayevin güdazına getdi
ABU-nun Dağıstan filialının bir qrup tələbəsi və tələbələrin valideynləri RATİ-nin Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.
Valideynlər bildiriblər ki, ABU-nun Dağıstan filialında oxumuş 4700 tələbə indiyədək diplom ala bilmir və ya ölkənin digər universitetlərinə köçürülmür. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırılandan sonra bu universitetin Moskva filialında oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülüb. Ancaq Dağıstan filialında oxuyan tələbələrə indiyədək nə diplom verilir, nə də onlar Azərbaycanın universitetlərinə köçürülür.
Valideynlər və tələbələr ölkə prezidentinə, onun xanımına, dövlət və hökumət qurumlarına, ombudsmana, prokurorluq orqanlarına çoxsaylı müraciətlər edib, lakin indiyədək problem həllini tapmayıb. “Təhsil naziri Mikayıl Cabbarov üç ay öncə söz verdi ki, problemi həll edəcək. Lakin indiyədək nazir Cabbarov da bu tələbələrin köçürülməsi və ya diplom verilməsi ilə bağlı qərar qəbul etməyib. Hazırda 4 700 vətəndaş gələcək taleyini müəyyən edə bilmir, onlar işləyir, ailə saxlayır. Biz prezidentimizdən xahiş edirik ki, bu gənclərin hüquqlarının bərpa edilməsinə kömək etsin. Biz hamımız onun seçiciləriyik”, deyə valideyn Darican Mahmudova qeyd edib.
Mətbuat konfransında çıxış edən tələbələr tələbə biletlərini, qiymət kitabçalarını nümayiş etdirib, dərslərdə fasiləsiz iştirak etdiklərini, təcrübə keçdiklərini bildirib. “Kimlərinsə qanunsuz hərəkətləri biz tələbələrin taleyini sual altında qoymamalıdır. Biz universiteti bitirdikdən sonra hərbi xidmətdə də olmuşuq. Ölkə başçısından, təhsil nazirindən bizim taleyimizə biganə qalmamağı xahiş edirik. Bizimlə eyni statusda olan Moskva filialının tələbələrinin problemi artıq həllini tapıb”, deyə filialın məzunu Elçin Məmmədov qeyd edib.
Xatırladaq ki, ABU-nun Dağıstan, Moskva və Dubay filialları fəaliyyət göstərib. 2010-cu ildə universitetin fəaliyyəti dayandırılıb. ABU-nun rektoru Elşad Abdullayev hazırda Fransada sığınacaq alıb. O, qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı hökumətin yüksək vəzifəli şəxslərinin ünvanına ittihamlar irəli sürüb. Prokurorluq orqanları Elşad Abdullayevə qarşı cinayət işi qaldırıb, barəsində axtarış elan edib. Universitetin fəaliyyəti dayandırıldıqdan sonra bu təhsil müəssisəsinin minlərlə tələbəsi problemlərlə üzləşib. Artıq 4 il ötməsinə baxmayaraq, insanların problemləri hələ də həllini tapmayıb.
Teqlər: