Cindar - Murad Köhnəqala yazır

Cindar - Murad Köhnəqala yazır
  26 Sentyabr 2018    Oxunub:29019
O gün televizorda bir neçə baxıcını danışdırıb, cinlərlə necə əlaqə saxladıqları haqda ətraflı soruşurdular. Bir baxıcı kişi söylədi ki, onun işi həmişə cinlərlə kontakta girib söhbət eləmək, deyib-gülməkdir.
Danışdı ki, mən həmişə cinlərdən məsləhət alıram, gələcəyimizi onlardan soruşuram. Bir dəfə cinlərimdən soruşdum ki, ermənilər Qarabağdan nə vaxt çıxacaq? Cinin biri cavab verdi ki, elə ermənilər də bizim kimi cin-şeytandı, ona görə heç vaxt oranı tərk eləməyəcəklər. Dedim, bəs, bizə kömək eləyin, o kafirləri oradan çıxaraq. Bu dəfə axsaq cinim dedi, biz özümüzünküləri qova bilmərik.

Baxıcı kişi sonra söylədi ki, cinlər həmişə evimə qonaq gəlir. Mən onların əli ilə bir neçə adamı nazir eləmişəm. Ancaq mənim cinlərimin bir xasiyyəti var, layiq olmayanı heç vaxt nazir qoymağa razı olmurlar. Odur ki, indiki nazirlərimizin hamısı öz yerlərinə layiqdirlər. Mən cinlərimin köməyi ilə çoxlarını öz vəzifəsindən çıxarmışam, hələ də başa düşən yoxdu ki, filankəsi o boyda postdan niyə atdılar.

Cinlər bizə qonaq gələndə onları məndən başqa heç kim görmür. Çünki onlar yalnız bəsirəti açıq olanlara görünə bilirlər. Bir də görürsən, dəstə ilə yığılıb evə girdilər. Hay-küydən, cin balalarının qışqırtısından qulaq tutulur. Di gəl ki, ətrafda onların səsini heç kim eşitmir. Özü də mənim cinlərim yeyib-içmək məclislərini çox sevirlər. Mən heç vaxt onlara oturmaq üçün xüsusi stol-stul qoymuram, çünki özləri istədikləri yerdə əyləşirlər. Evimizdə onlardan başqa qonaq olanda lap mərəkə olur. Onlar gah qonaqların qucağında, gah çiynində, gah da düz başında otururlar. Əlbəttə, qonaqlar bunu heç vaxt hiss eləmirlər.

Yeməyi necə yeyirlər, bilirsinizmi? Otururlar birinin başında, o adam yeməyi ağzına apardıqca cin tikəni onun əlindən, çəngəlinin ucundan alıb yeyir. Adamın bundan xəbəri olmur, çünki o, yeməyin yalnız dadsız şəklini yeyir.

Cinlər dazbaş adamlarla çox şənlənirlər. Belələrinin çiynində oturub daz başında nağara çalırlar. Ona görə cinlər arasında qoşanağara çalan çoxdu. Bir də görürsən, kostyumlu-qalstuklu bir dazbaşı tapdılar. Onun daz başı üstündə dava salırlar, biri çıxır, biri düşür. İki dənə çay qaşığını alırlar əllərinə, daz başda bir qoşanağara çalırlar, gəl görəsən!

Görün, bir dəfə başıma nə oyun gətiriblər! Demək, keçmiş həyat yoldaşımın ad gününü evimizdə qeyd edirdik. Belə məclislərə cinlərimi dəvət eləməsəm məndən küsürlər. Ona görə çağırdım. Bir də gördüm evimizə bir dəstə cin gəldi. Cinlər içəri girən kimi məclisdəkilərlə məzələnməyə başladılar, mən də xətirlərinə dəymədim. Stolda qonşu arvad qaynımla üzbəüz oturmuşdu. Qaynım da bərk “vuran”dı. Yoldaşım mənə tapşırdı ki, ondan muğayat olum, çox içməsin. Ona görə məclisin əvvəlində qaynımı kənara çəkib xahiş elədim ki, qonaqların yanında çox içməsin, onlar gedəndən sonra ikimiz yeznə-qayın nə qədər istəsək vurarıq. Haqq üçün deyim ki, o da kişi kimi razılaşdı.

Məclisin şirin yerində bir də baxdım, cinlər hardansa bir qayçı tapıblar. Onlar heç vaxt mənim evimdə əşyalara əl atan deyildi. Nəsə, bir az narahat oldum. Ağzında cin deyirsən, oynaşa-oynaşa çıxdılar qonşu arvadın başına. Baxdım ki, bunlar arvadın başını qırxmaq istəyir. Özləri nə vaxtsa mənə deyib ki, cinlər kimin başını qırxsa, onu böyük bədbəxtliklər gözləyir.

Dərhal qayçı tutanın üstünə təpindim: “Ayə, əlindəkini yerə qoy!” Özü də əlində qayçını tutan ən sırtıq, ağsaqqal cinlərdən biri idi. Gördüm, qayçını arvadın saçına yeridib, hırıldayır. Bu dəfə lap bərkdən təpindim: “Əlindəkini yerə qoy demirəmmi? Sən öl, indicə rədd duası oxuyub səni məclisdən qovacam!”

Onlar mənə tabedi, hirsləndiyimi görən kimi ağsaqqal cin kirimişcə arvadın başından sürüşüb yerə düşdü və qayçını aparıb şkafın siyirməsinə qoydu. Bu arada, sən demə, qayınım əlindəki rumkanı başına qaldırmaq istəyirmiş, mən cinə təpinəndə elə bilib ona qışqırıram. “Məclisdən qovacam” deyəndə rumkasını stola qoyaraq, durub hirsli-hirsli məclisi tərk elədi. Heç ağlıma gəlməzdi ki, qaynım bu sözləri özünə götürər. O durub gedəndə fikirləşdim, yəqin siqaret çəkməyə çıxır...

Həmin məclisdən sonra yoldaşım aylarla evdə dava salırdı ki, mən haçan demişdim olan-qalan bir qardaşımı camaatın yanında evdən qovasan? Başa salırdım ki, a balam, mən cinlərə təpinmişdim, hal-qəziyyə belə idi, arvadın başını qırxırdılar... Kimə deyirsən?! Qohum-əqrəba yığılıb gəldilər ki, sən dəli olmusan. Qızım dedi ki, papa, gəl səni həkimə göstərək, belə olmaz axı, evdə hər gün davadı. Dedim, dəli özünüzsünüz, ta mən sizin kimi şəkkaklarla yaşaya bilmərəm! Gördüm, hamısı mənimlə düşmənçilik eləyir, ayrıldım onlardan.

İndi təkcə, rahat yaşayıram. Bir gün cinlər başıma yığılanda, həmin ad günündə əlinə qayçı götürmüş qocadan soruşdum:
- Mən ölüm, mənim ailəmi qəsdən dağıtdınız yoxsa elə fikriniz yox idi?
O da heç nə demədi, eləcə hırıldayıb güldü.
Odu-budu, daha keçmiş söhbətlərə qayıtmırıq. Bir ailə kimi birlikdə mehriban yaşayırıq.

Murad Köhnəqala
AzVision.az üçün



Teqlər: Cin   Cindar   Cəhalət   Xurafat  





Xəbər lenti