DİM Qubada seminar keçirib

DİM Qubada seminar keçirib
  05 Oktyabr 2018    Oxunub:9309
Dövlət İmtahan Mərkəzi yeni qəbul qaydaları ilə bağlı Quba şəhərində elmi-metodiki seminarlar keçirib
Seminarlarda DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonunun təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.

DİM-dən AzVision.az-a verilən məlumata görə, plenar iclasda M.Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili ilə bağlı təqdimatla çıxış edib və bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib.

Seminar iştirakçılarını maraqlandıran suallar M.Abbaszadə tərəfindən cavablandırılıb.

Daha sonra müzakirələr riyaziyyat və ingilis dili fənləri üzrə davam etdirilib.

Riyaziyyat fənni üzrə seminarda Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva və DİM-in sektor müdiri Aydın Qasımov fənn üzrə imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim ediblər.

İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi (DİM-in ingilis dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Şəhla Musayeva 9 illik və 11 illik təhsil bazaları üzrə buraxılış imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması mümkün olan alt standartlar və istifadəsi nəzərdə tutulan tapşırıq modelləri haqqında təqdimatla çıxış edib.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.

AzVision.az


Teqlər: DİM   seminar  





Xəbər lenti