Orta məktəb dərsliklərində ciddi problemlər var

Orta məktəb dərsliklərində ciddi problemlər var
  16 Oktyabr 2018    Oxunub:15601
“Hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitablar 6-17 yaşında olan insanın beyninə görə deyil. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər”
Bunu təhsil üzrə ekspert Kamran Əsədov AzVision.az-a dərsliklərin keyfiyyəti haqqında danışarkən deyib. O hesab edir ki, bu gün dərsliklər şagirdlərdən çox müəllimlər üçün yazılır.

“Düşünürəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var”.



K.Əsədov bildirib ki, dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar həmin kitabları oxuyan uşağın necə olacağını düşünmürlər: “Onlar kitabda nəyin artıq, nəyin əskik olduğunu yoxlayırlar. Dərsliyə səhifələrin sayına görə yanaşırlar: səhifələr bitdi, işimiz də bitdi. Amma sonra hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır. Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərin bütün siniflərində istifadə olunan dərslik deyil, əzab mənbəyidir. Dərslik şagird üçün hazırlanmış olsaydı, onun siması 180 dərəcə dəyişərdi. Avropa dərsliklərinə fikir verin. Qalın, maraqlı, cürbəcür əlavə mətnlər, şəkillər, yaradıcı tapşırıqlar. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər. Bu dərsliklərdə qələmlə yazmaq da mümkündür. Bilirsiniz, dərslik fikir laboratoriyasıdır. Tapşırıqlarda əlavə göstərişlər olmalıdır. Şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Müəllim şagirdə inkişaf etmək, dəyişmək dərsi öyrətməlidir”.

Ekspert bildirib ki, məqsədi və mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jargon ifadələr, küçə sözləri işlədilə bilməz: “Bu, şagirdlərə çox pis nümunə ola bilər. Acınacaqlı hal odur ki, Təhsil Nazirliyi problemin həlli istiqamətində əməli tədbirlər həyata keçirmir. Qeyri-peşəkar səviyyədə məsələyə münasibət bildirilir, “nəzarət olunur” deməklə kifayətlənir”.



Dərsliklərdə erotik mövzuların olduğunu təsdiqləyən K. Əsədov bildirib ki, həmin kitabı yoxlayan ekspertlər nə yazdıqlarına baxmırlar. “Dərslik yoxlayan ekspert kminsə vasitəsi ilə seçilməməlidir. Tenderə çoxlu sayda keyfiyyətli dərslik qatılır, amma naşı ekspertlərin ucbatından aşağı bal alır və kənarda qalır. Hər şeyə güzəşt etmək, göz yummaq olar, amma dərsliyə yox. 3-cü sinif şagirdi üçün nəzərdə tutulan dərsliyin nə standartları reallaşdırılıb, nə də şagirdin yaş, psixoloji meyarlarına uyğunlaşdırılıb. Dərsliyin informasiya yükü həddindən çoxdur”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas məktəb dərsliklərini tənqid edib. Onun sözlərinə görə, Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır.

"Həmin dərsliklər mənasız şeir və nağıl yığınıdır. İkinci siniflər üçün dərslikdə sual var ki, Qarabağın qayıdacağına inanırsınızmı? Uşaq da cavab verib ki, yox. Buna görə də atası onu döyüb. Bu nə münasibətdir, bu nə sualdır? Dərsliklərdə belə hallar çoxdur. Bunu hazırlayanlar məsuliyyət daşımalıdırlar. Üçüncü sinif dərsliyində erotikadan bəhs edilir. Sanki bunlara nəzarət yoxdur. Sonra da deyirlər ki, valideynlər uşaqlarını rus dilini bölməsinə qoyurlar. Çünki orada belə şeylər yoxdur”, - A.Abbas bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Kamran-Əsədov   Dərslik  





Xəbər lenti