Qarabağ siyasətində Azərbaycanın mövqeləri möhkəmlənir – TƏHLİL

Qarabağ siyasətində Azərbaycanın mövqeləri möhkəmlənir – TƏHLİL
  18 Oktyabr 2018    Oxunub:26013
2018-ci il. İyirmi birinci yüzilliyin iki onilliyini geridə qoymaq üzrəyik. Azərbaycan bütün sahələrdə böyük uğurlar qazandığı halda, ölkənin tək bir problemi qalmaqdadır – Qarabağ. Doğrudur, bu sahədə də çoxlu uğurlar qazanılmağa başlanılıb. Böyük dövlətlərin, beynəlxalq ictimaiyyətin, söz sahibi olan nüfuzlu güc mərkəzlərinin işğalçını cilovlamaması, ona hüquqi-siyasi təzyiq göstərməməsi səbəbindən artıq kristallaşmaqda olan Dağlıq Qarabağ münaqişəsi cəbhəsində vəziyyət gərgin qalsa da, diplomatik arenada “buzlaşma dövrü” əriməyə doğru getməkdədir. Bu, Azərbaycanın ard-arda artan diplomatik qələbələri, ölkəmizə verilən böyük dövlətlərin və beynəlxalq təşkilatların diplomatik-siyasi dəstəyi ilə əlamətdar oldu.
Diplomatik cəbhədə bu qələbələri bir neçə amillə əlaqələndirmək olar: ilk növbədə Prezident İlham Əliyevin qətiyyətli, əzmkar və prinsipial siyasətinin nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyib və bu mövqeyini ardıcıl surətdə daha da gücləndirib. Azərbaycan bu uğura, Prezident İlham Əliyevin dediyi kimi, ilk növbədə düşünülmüş, eyni zamanda xalq tərəfindən göstərilən, xalq-iqtidar birliyini təcəssüm etdirən dəstək nəticəsində nail olur. İstənilən ölkənin siyasəti, hətta xarici siyasəti əhalinin, xalqın dəstəyindən asılıdır. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, Azərbaycanda hakimiyyətin tək mənbəyi Azərbaycan xalqıdır.

Azərbaycanın geosiyasi mövqeyi və hazırda dünyada gedən proseslər ölkəmizə müəyyən təhdidlər yaradır, onu qlobal çağırışların hədəfinə çevirir. Belə bir şəraitdə ölkənin milli maraqlarını əsas götürməklə regional dövlətlərlə, qlobal proseslərə yön verən, yeni dünya nizamının formalaşmasında iştirak edən güc mərkəzləri ilə əməkdaşlıq, ardıcıl və düşünülmüş siyasət, praqmatizm və mənəvi dəyərlərin uğurlu çulğalaşması əsasında yeridilən siyasət, beynəlxalq hüquqa riayət olunması, habelə zərurət yarandıqda geopolitik prinsiplərin istisna olunmaması ölkəmizin uğurunu şərtləndirən amillərdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin məktəbini keçmək isə Prezidentin təbii istedadı ilə uğurla birləşərək, onun istənilən vəziyyətdə doğru qərar qəbul etmək qabiliyyətini möhkəmləndirib. Nəticədə biz bu gün mürəkkəb dünya siyasətində bütün təhdidlərin öhdəsindən uğurla gələn, ölkəmizi sınaqlardan ləyaqətlə çıxaran Prezidentin fəaliyyətinin nəticələrini görürük.

Şərtlər və şərait nə olursa-olsun, dəyişməyən, istənilən mühitdə doğru qərar verməyə kömək edən bir neçə xüsusiyyət var: ağıl, müdriklik, cəsarət və təmkinliliyin məqamına görə doğru seçilməsi, məqsədyönlülük, öz gücünə inanma, zamana və məkana nəzərən doğru, çevik, adekvat qərarvermə və s. Azərbaycanın xarici siyasət uğurlarını şərtləndirən dövlət başçısının bu unikal xüsusiyyətləridir. Prezidentin şəxsi nüfuzu, peşəkar diplomat kimi bacarıqlı siyasi manevrləri, düzgün strategiya seçib hədəfə doğru inamla irəliəməsi ölkəmiin diplomatik sahədə uğurlarını təmin edən başlıca amildir.

Xüsusən, 2018-ci ilin ikinci yarısından etibarən bir sıra yaddaqalan hadisələr baş verdi. Bu ilin iyulunda dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanmış Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunur: “Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar”.

Avropa Birliyinin Azərbaycanla münasibətlərini məhz ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qurduğunu bəyan etməsi Qarabağ münaqişəsində Ermənistanın istinad etdiyi xalqların öz müqəddəratını təyinetmə prinsipini istisna edir və münaqişənin həllinə konkret, ədalətli yanaşmanın təzahürüdür. Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə maraq, ölkə prezidentinin tükənməz diplomatik səyləri, xüsusilə Azərbaycanın Avropanın enerji təminatında iştirakı məqsədilə Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihənin həyata keçirilməsi, Avropanın Kataloniya referendumundan sonra separatizmin doğurduğu təhlükəni öz başı üzərində hiss etməsi, ABŞ-İran münasibətlərinin kəskinləşməsi nəticəsində İrana qarşı sanksiyaların tətbiqi, bunun Avropa Birliyinə təsiri, Azərbaycanın İranla həmsərhəd olması və s. amillər “köhnə qitə”nin belə bir mövqe nümayiş etdirməsində əsas rol oynadı.

Azərbaycanın ikinci Brüssel zəfəri NATO üzvü dövlətlərin Brüssel zirvə toplantısının yekununda qəbul etdiyi bəyanatda növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə edilməsi nəticəsində baş verdi. Dünyanın ən qüdrətli hərbi-siyasi təşkilatının Avropa Birliyinin mövqeyini bir daha təkrarlaması dünyanın güc balansı sistemindəki ağırlığı hələ ki, öz əlində saxlamağı bacaran Avroatlantik sistemdən Cənubi Qafqazın lider dövlətinə - strateji tərəfdaş Azərbaycana verilən böyük dəstək hesb oluna bilər.

Xanım şanselyör Angela Merkel Azərbaycana səfəri əsnasında Almaniyanın BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin həlli istiqamətində səyləri dəstəkləməkdə davam edəcəyini bəyan etdi. Almaniya Federativ Respublikası (AFR) Hökuməti Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında “AFR Hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır deyə bəyanatla çıxış etdi. Almaniya kimi Böyük Yeddiliyə daxil olan, Avropa Birliyinin ən güclü dövlətinin, Minsk qrupunun üzvü olan ölkənin rəhbərinin və qanunverici orqanının belə bir bəyanatla çıxış etməsi Azərbaycan üçün böyük uğurdur. “Şimal axını -2” layihəsi ilə Avropa qitəsini enerji asılılığında saxlamaqda maraqlı olan Almaniyanın qitənin enerji şaxələndirilməsində iştirak edən Azərbaycanla yaxın tərəfdaşlıq münasibətlərinə can atması bu bəyanatların verilməsini şərtləndirən amillərdəndir. İstənilən halda Almaniyanın dəstəyi Azərbaycan üçün olduqca əhəmiyyətlidir.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Corc Kent Azərbaycanda səfərdə olduğu zaman keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişənin həlli kontekstində BMT Təhlükəsizlik Şurasının qətnamələrini qeyd etdi. ABŞ-ın Ermənistandakı səfiri və ermənipərəst mövqeyi ilə seçilən Riçard Mills Ermənistan KİV-nə verdiyi müsahibəsində münaqişənin həllinin “sülh naminə torpaq” prinsipinə və işğal olunmuş ərazilərin azad edilməsinə əsaslanmalı olduğunu dedi.

ABŞ kimi fövqəldövlətin bu mövqeyi Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edir. Çünki ABŞ elə bir dövlətdir ki, beynəlxalq siyasətdə hər hansı məsələdə tutduğu mövqe dünya dövlətlərinə istiqamət verir, onların da siyasətinə təsir göstərir. Dağlıq Qarabağ kimi həssas bir məsələdə isə ABŞ-ın həmsədr dövlət olaraq yanaşması bu baxımdan ikiqat əhəmiyyətə malikdir. Bununla Amerika Birləşmiş Ştatları Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi qəbul etdiyini bir daha təsbit etmiş oldu.

ABŞ Dövlət Departamenti öz vətəndaşlarının Dağlıq Qarabağa getməməyə səsləyən çağırış etdi. Dövlət Departamentinin bu tövsiyəsi həm də ona görə əhəmiyyətli bir dönüş hesab oluna bilər ki, Dağlıq Qarabağ və Ermənistan indiyədək ABŞ-dan ayrı-ayrılıqda milyardlarla dollar yardım alırdı. ABŞ Minsk Qrupunda həmsədr olmasına, BMT Təhlükəsizlik Şurasında 4 məlum qətnamənin qəbulunda iştirakına baxmayaraq, separatçı Dağlıq Qarabağ rejiminə ayrıca maliyyə yardımı göstərirdi. Halbuki, Azərbaycan ABŞ-ın yaxın tərəfdaşı "Azadlığı Müdafiə Aktı" na 907-ci düzəlişə əsasən, 1992-ci ildən etibarən bu yardımdan məhrum edildi.

Şübhəsiz ki, bu, Amerika Erməni Milli Assambleyası və digər mənfur diaspora təşkilatının lobbiçiliyi nəticəsində baş verdi. Maraqlı məqam bundan ibarətdir ki, niyə ABŞ məhz indiki məqamda bu xəbərdarlığı etdi?! ABŞ hazırda Ermənistanda öz mövqelərini xeyli gücləndirib. Amerika Erməni Milli Assambleyası başda olmaqla, dünyanın bir sıra nüfuzlu erməni diaspora təşkilatları öz bağlı olduqları siyasi dairələrlə əlbir işləyərək, hakimiyyətə gətirdikləri Paşinyan iqtidarını qorumaq və möhkəmləndirmək istiqamətində ardıcıl və məqsədyönlü iş aparırlar. Onların əsas rəqibi isə Rusiya və onun dəstək verdiyi "Qarabağ klanı"dır. Qarşıda Paşinyan və "Qarabağ klanı"nın, əslində isə ABŞ və Rusiyanın Ermənistan uğrunda ölüm-dirim savaşının ən mühüm mərhələsi - parlament seçkiləri və bununla da hakimiyyətin kimə ötürülməsi məsələsi gəlir.

Belə bir məqamda Qarabağ Rusiyanın Ermənistan siyasətində Moskvanın nüfuz anklavı olaraq qalan tək məkandır. Qarabağın vəziyyəti hazırda belə səciyyələnə bilər - hüquqi və tarixi baxımdan Azərbaycan torpağı, Rusiyanın bəzi siyasi dairələrinin həyati maraq zonası, ABŞ-ın Ermənistan siyasətinə təhlükə mənbəyi. ABŞ Dağlıq Qarabağ rejimini layiq olduğu şəkildə diskreditasiya etməklə - oranın təhlükəli ərazi olduğunu bəyan edərək vətəndaşlarına ora səyahət etməmək çağırışı etməklə "Qarabağ klanı"nın gözdən düşdüyünü rəsmi olaraq təsbit edir, onu təcrid etməklə Ermənistan siyasətində təsirini azaltmağa çalışır, quldur yuvasına çevrilmiş, nəzarətsiz ərazi olan Qarabağı dünyaya tanıdır, Rusiyaya "Qarabağ klanı" vasitəsilə Ermənistandakı proseslərə müdaxilə etməyin mümkünsüzlüyü xəbərdarlığını edir.

Nəhayət, bu xəbərdarlıq ABŞ-ın həm beynəlxalq hüquqa hörmət etdiyini, həm də həmsədr ölkə kimi borcu olduğunu qabardır. O, başqa dövlətlərdən daha artıq bunun qayğısına qalmalıdır, çünki Qarabağ torpağında sülh yaratmaq missiyasını öz üzərinə götürmüş ölkələrdən biridir. Təkcə öz vətəndaşlarının təhlükəsizliyi naminə deyil, eyni zamanda bölgədə sülh naminə, qoşunların təmas xəttində Azərbaycan hərbi qulluqçularının, habelə mülki əhali arasında tələfatın qarşısını almaq üçün bu çağırış edilməlidir. Digər mümkün versiyalardan biri də bundan ibarətdir ki, ABŞ kəşfiyyatı Dağlıq Qarabağda separatçı rejimin Ermənistandakı "Qarabağ klanı"nın dəstəyi itirməsindən sonra parlament seçkiləri, əslində iqtidar uğrunda "Armagedon savaşı" ərəfəsində xaos içərisinə yuvarlanacağı, orada vəziyyətin gərginləşəcəyi barədə əməliyyat məlumatları əldə etmiş ola bilməsidir. Bundan narahat olaraq vətəndaşlarını xəbərdar etmiş ola bilər. Hər bir halda, bu, bizim üçün müsbət haldır.

Bütün bu hadisələr fonunda daha bir önəmli hadisəni – Rusiya prezidenti Putinin Azərbaycana səfərini də mütləq diqqətlə nəzərdən keçirməliyik. Artıq Qərb kimi Rusiya da yaxşı dərk edir ki, yeni dünya düzəninin formalaşma məkanlarından biri olan Cənubi Qafqazda hansı güc mərkəzinin üstün mövqe qazanması Azərbaycandan asılıdır. Rusiya Azərbaycanla münasibətləri yeni mərhələyə - strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru yüksəltmək qərarına gəlib. Bunun ilk işartılarını biz Cocuq Mərcanlıda Duqin və başqa rus siyasətçilərinin keçirdiyi " Azərbaycan - Cənubi Qafqazda Rusiyanın tək müttəfiqi" adlı konfranssa gördük. Sonradan bir sıra hadisələr - Azərbaycan prezidentinin Rusiyaya uğurlu səfərləri, çoxşaxəli müqavilələrin imzalanması, Xəzərin statusunun müəyyən edilməsi barədə yekun razılıq, separatçılıqda ittiham olunan Abbaszadənin həbsi və s. Rusiyanın Azərbaycana ilıq münasibətinin təzahürləri hesab oluna bilər.

Qərbin güc dairələri Putinin Azərbaycana səfərini Qafqazda nüfuz əldə etmək istəyən xarici güclərə Rusiyanın bu regionda ən güclü, ən şanslı dövlət olduğunu göstərmək kimi qiymətləndirirlər. Rusiyaya və onun Suriyadakı müttəfiqləri Türkiyə və İrana qarşı sanksiyalar, Ermənistanda dövlət çevrilişi Moskvanın nüfuzuna xeyli zərbə vurub.

Putin Cənubi Qafqazın ən nüfuzlu ölkəsinə etdiyi bu səfərlə təbii ki, bir çox dairələrə mesaj vermiş oldu. Bizi Azərbaycan olaraq maraqlandıran bu səfərdən Ermənistanın siyasi dairələrinin, xaricdəki erməni diasporunun çıxardığı nəticədir. Nəticə isə ondan ibarətdir ki, Rusiyanın siyasi-hərbi elitasına yaxın olan nüfuzlu media orqanları yazır ki, Qarabağda müharibə ehtimalı olarsa, Ermənistan Rusiyanın dəstəyinə ümid bağlamamalı, öz başına çarə axtarmalıdır.

Putinin Ermənistana səfər vəd edib sonradan imtina etməsini də bu baxımdan təsadüf hesab etmək olmaz. Rusiya bununla Azərbaycanı daha önəmli ölkə hesab etdiyini göstərmiş oldu. Hər nə qədər etiraf edilməsə də, Ermənistanın təcavüzünə qarşılıq olaraq Azərbaycanın apardığı təcridetmə siyasəti öz nəticəsini verdi. Ermənistanın iqtisadi süqutu onun siyasi süqutunu və hakimiyyətin qeyri-sabitliyini, dayanıqsız olmasını şərtləndirir. Belə bir şəraitdə Rusiya Azərbaycana yaxınlaşmaqla, Ermənistandakı anti-Rusiya hakimiyyətinin uzaqlaşdırılmasına çalışa bilər. Azərbaycana silah satışı, iqtisadi layihələrdə iştirak, müharibə başlayacağı təqdirdə Ermənistanı KTMT-nin dəstəyindən məhrum etmək Paşinyanın devrilməsinə səbəb ola bilər. Bunu bilən Rusiya Putinin Azətbaycan səfəri ilə çoxşaxəli gedişlər etmiş oldu.

Davos İqtisadi Forumu kimi dünyanın ən mühüm, nüfuzlu iqtisadi forumlarından birinin hesabatında Azərbaycanın yüksək qiymətləndirilməsi dünya ölkələri arasında ölkəmizin iqtisadi inkişafına şübhə ilə yanaşan tərəflərə də layiqli cavab oldu. İlham Əliyev özü şəxsən bu forumlarda iştirak edir. Davos formunda dünyanın biznes, iqtisadi, siyasi dairələrinin iştirakı ilə geniş fikir mübadiləsi aparılır və bu müzakirələrdən əldə edilən nəticələr bütün dünya üzrə ən nüfuzlu hesabatlar hesab edilir.

Ayrı-ayrı iqtisadi mərkəzlərin hazırladığı kiçikhəcmli hesabatlardan fərqli olaraq, bu forumun hesabatının Azərbaycanın iqtisadi nüfuzunun hər kəsə bəyan edilməsi deməkdir. Dünyanın bir çox biznes, maliyyə mərkəzləri üçün meyar rolunu oynayır, bu nəticələr dünya iqtisadiyyatına yön verir. Bu nəticələrə uyğun olaraq hər hansısa təşkilat bir ölkəyəyə sərmayə yatırması baxımından qiymət verir. Forum nəticələri hər ölkədə iqtisadi səviyyənin hansı dərəcədə olmasını, onu hansı perspektivlərin gözlədiyini, sərmayə üçün məqbul hesab edilib-edilmədiyini ortaya qoyur.

Bu gün bütün ölkələrin xarici sərmayələrə ehtiyacı var, eləcə də Azərbaycanda da bu sərmayələr üçün olduqca geniş şərait var. Bütün bunların fonunda Azərbaycanın xarici sərmayələrə görə etibarlı ölkə olduğu sübuta yetirildi. Azərbaycan 140 ölkə arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşdı. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşı qiymətləndirilib. Bundan başqa hesabatın institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznes dinamikliyi və innovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınan nəticələr sırasındadır.

Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi xüsusi vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal - 100 faiz bal toplamaqla dünyada ilk pilləyə yüksəlib. Bütün bunlar onu göstərir ki, ölkəmizdə müxtəlif sahələrdə çoxşaxəli, sürətli inkişaf var. Davos İqtisadi Forumunda Azərbaycanın 140 ölkə arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşması, habelə dövlətimizin iqtisadi inkişaf dərəcəsinə görə etibarlı tərəfdaş kimi təqdim edilməsi prezident İlham Əliyevin 15 illik fəaliyyəti nəticəsində qazandığı və qazandırdığı uğurların nəticəsidir.

Nəzakət Məmmədova
Azvision.az üçün



Teqlər: Qarabağ  





Xəbər lenti