Bütün dinlər şərqlidir

Bütün dinlər şərqlidir
  24 Oktyabr 2018    Oxunub:11984
Ramin Musayev

Şərq və Qərb təfəkküründəki fərqlər nədən ibarətdir? Geridə qalan böyük zaman kəsiyinə baxanda görürük ki, fəlsəfi fikrin ağırlıq mərkəzi əvvəl Şərqdə - qədim Şumer, Çin və Hindistanda, sonra o dövr üçün Şərq və Qərbin sintezi olan qədim Elladada, daha sonra isə müsəlman Şərqində qərarlaşıb və ancaq Renessans dövründə Qərbi Avropaya köçüb ki, sonuncular bu günə qədər də estafeti əldən vermirlər.
Yeni dövr Qərb fəlsəfi fikrinin formalaşmasında Orta Əsr İslam mədəniyyətinin və dini-fəlsəfi fikrinin rolu böyük olsa da, bütövlükdə bu svilizasiyanı bir sintez kimi təqdim etmək əsassız olardı. Çünki Avropa Renessansında Şərq əsasən vasitəçi rol oynamış, antik mədəniyyətin və qədim Yunan fəlsəfəsinin avropalılar tərəfindən yenidən mənimsənilməsində iştirakçı olmuşdur. Bundan sonra Qərb məhz yeni, fərqli bir istiqamət olaraq formalaşmışdır.

Sizi yormadan birbaşa Qərb və Şərq dünyagörüşünün, təfəkkürünün ən başlıca cəhətlərini göstərməyə çalışacağam. Qərb intellekt qanadlarında çox uzaqlara uçmuş, həyatın təməl prinsiplərindən, fəlsəfi bazisdən ayrı düşmüşdür. Şərq ənənəviliyin, Qərb isə müasirliyin simvolu kimi başa düşülür. Belə ki, Şərq düşüncəsində məqsəd İNSANIN KAMİLLƏŞMƏSİ, Qərb düşüncəsində isə cəmiyyətin təkmilləşməsidir.

“Şərq” dedikdə, insana əzəldən xas olan, onun mahiyyətini ifadə edən mənəvi-əxlaqi keyfiyyətlər, “Qərb” dedikdə, insanın yeni dövrdə əldə etmiş olduğu intellektual və texnoloji ugurlar yada düşür.

Şərq təfəkküründə hissi-estetik və metaforik məqam ön plana çıxır. Şərq bütövlüyü, Qərb isə hadisələri parçalamagı tələb edir. Şərq illüziyanı, Qərb konkret elmi metodları ön plana çəkir. Çox tədqiqatçıların fikrinə görə, “Elm -Qərbin yeni dinidir".

Qərbin bax, bu sonrakı ugurlarının təməlində dünyanın məhz hissə-hissə, konkret hissi təcrübə aktları sayəsində öyrənilməsi dayanır. Bu, əslində dünyanın elmi təhlilidir. Lakin Şərq dünyanın bədii-estetik mənzərəsindən çıxış edir. Hissədən yox, bütövdən başlayır. Sonlu olanlar sonsuzluğun, əbədiyyatın bir anı kimi götürülür.

Şərqdə rasional idrak birbaşa bütövlüyün, əql Allahın dərkinə yönəlir. Şərqin emosiya dolu hərarəti qaynar zəkaya, qəlbin döyüntüsünə, şövq və ehtirasa söykənir. Sanki əql, məhəbbət, inam konteksində çıxış edir. Ona görə də, BÜTÜN DİNLƏR ŞƏRQLİDİR deyə bilərik. İnsanın öz "mən”ini saflaşdırmaq və ilahi “mən”ə qovuşmağı fərdi oldugundan, ictimai təşkilatlanmada Şərq axsayır. Ona görə, bu fərdi "yaşam" insanı fikir tənbəlliyinə sürükləyir. İctimai faydalılıq geridə qalır və bu mənada iqtisadiyyat tənəzzülə uğrayır. Sanki ictimai zərurət ümumi həqiqəti anlamaqdan ibarətdir və kiməsə kor-koranə inanmaq zərurətini ortaya qoyur.

Amma bəzən Qərb intelektual yüksəliş yürüşündə bəzi mənəvi sədləri dagıdır. Müasir Qərb cəmiyyəti məhz ictimai tərəqqinin hesabına bu dərəcədə inkişaf edə bilmişdir. Şərq dünyası isə ayrı-ayrı şəxslərin tərəqqisi, insanların mənəvi kamilləşməsi yoluna üstünlük verməklə ictimai tərəqqinin optimal düsturunu tapa bilməmiş və heç vaxt tapmaq istəməmişdir. Ancaq intellektlə yaşayan insan hisslərilə daha çox xoşbəxtlik tapır, bu mənada, insanın daim texnika ilə işləməsi sanki onun özgələşməsi problemini ortaya çıxarır. Ona görə də, Asif Ata deyirdi ki, “Qərbin göyü yoxdur, Şərqin yeri”.



Teqlər: Fəlsəfə   Din   Şərq   Qərb  





Xəbər lenti