İdris İsayevin fəaliyyət istiqaməti məlum oldu - EKSKLÜZİV

İdris İsayevin fəaliyyət istiqaməti məlum oldu - EKSKLÜZİV
  23 Noyabr 2018    Oxunub:25329
Ötən həftə təhsil nazirinə müavin təyin edilən İdris İsayevin fəaliyyət istiqaməti müəyyənləşib.
Azvision.az-ın əldə etdiyi məlumata görə, uzun illər müxtəlif dövlət vəzifələrində çalışan İ.İsayev Təhsil Nazirliyində peşə təhsili sahəsini kurasiya edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 16-da imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub. O, bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib.

Xatırladaq ki, İdris Balakişi oğlu İsayev 1970-ci ilin oktyabrın 22- də anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.

1992-1993-cü illərdə "İnkişaf" Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.

2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib.

Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İdris-İsayev   Təhsil-Nazirliyi  





Xəbər lenti