Bilik Fondu Moskvada keçirilən Assambleyada təmsil olundu

Bilik Fondu Moskvada keçirilən Assambleyada təmsil olundu
  14 Dekabr 2018    Oxunub:15366
Moskvada Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu “Puşkin İnstitutu” Tərəfdaşıq Şəbəkəsinin II Assambleyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Assambleyada A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun prezidenti Vitaliy Kostamarov, institutun rektoru Marqarita Rusetskaya, A.Soljenitsin adına “Dom russkoqo zarubejya”nın direktoru Viktor Moskvin, Rusiya Federasiyasının Maarifləndirmə Nazirliyinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Svetlana Feoktistova, Xarici İşlər Nazirliyinin şöbə müdiri Oleq Malginov və 25 ölkədən 51 nümayəndə iştirak ediblər.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu təmsil edib. Fondun Beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Almaz Axundova Assambleyanın 2019-cu il üçün fəaliyyət planının müzakirələrində təmsil olunduğu qurumun təkliflərini səsləndirib. Bildirib ki, Bilik Fondu A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun "Rus dilinin səfirləri" layihəsinin İsmayıllı rayonunun İvanovka kəndində keçirilməsinə dəstək verməyə hazırdır. Layihəyə görə, xüsusi hazırlanmış könüllü tələbələr İvanovka kəndindəki məktəblərin şagirdlərinə öncədən hazırlanan proqram əsasında bir həftə ərzində rus dili dərsi keçəcəklər. Qarşılıqlı olaraq, Fondun nəzdində fəaliyyət göstərən klubların üzvləri "Rus dilinin səfirləri" ilə görüşəcək, qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, müasir inkişafı barədə ətraflı məlumatlar verəcək, onlar üçün ekskursiyalar təşkil olunacaq. Təklif razılıqla qarşılanıb.

Assambleya çərçivəsində rus dili müəllimlərinin "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin təşkil etdiyi ixtisasartırma kurslarına cəlb olunması, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının keçirilməsi, birgə mədəni-kütləvi tədbirlərin təşkili, təhsil almaq və ya sahibkarlıqla məşğul olmaq məqsədilə Rusiyaya səfər edənlərə rus dilinin öyrədilməsi ilə bağlı müzakirələr aparılıb, maraqlı təkliflər səsləndirilib. Assambleyanın bədii hissəsində konsert proqramı nümayiş olunub.

Azvision.az


Teqlər: bilik-fondu  





Xəbər lenti