“Yolumuz uzaqdır, hər gün dərsə atla gəlirəm” - Kənd məktəblərindən REPORTAJ

“Yolumuz uzaqdır, hər gün dərsə atla gəlirəm” -  Kənd məktəblərindən REPORTAJ
  26 Yanvar 2019    Oxunub:9062
Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur təşkil edilib.
Azvision.az xəbər verir ki, media nümayəndələri və təhsil ekspertləri öncə Gəndov kəndindəki modul tipli məktəbə baş çəkiblər.

2018-ci ildə quraşdırılan modul tipli məktəbdə 44 şagird təhsil alır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir.



Modul məktəbin direktoru Xuraman Qurbanova bildirib ki, burada təhsil alan şagirdlərə 14 müəllim dərs deyir, həmin müəllimlərin əksəriyyəti gənclərdir.

“Məktəbdə 5 kəndin şagirdləri təhsil alır və onlar müxtəlif məsafələrdən gəlirlər. Belə ki, Gəndov kəndi daxil olmaqla, Köhnədaxar, Dərəkənd, Müşkəmir, Namazgah kəndindən şagirdlər gələrək burada təhsil alırlar. 9 illiyi bitirdikdən sonra şagirdlərin bəziləri peşə təhsilinə sənəd verir. 10 və 11-ci sinifləri başqa məktəbdə oxuyan iki qız şagirdimiz ötən il ali məktəbə qəbul olub”.



16 ildir Gəndov ümumi orta məktəbində ibtidai sinif müəlliməsi işləyən Vüsalə Zeynalova hazırda komplektləşdirilmiş sinifdə dərs deyir.

“Məktəbəhazırlıq qrupu yoxdur, çünki şagird yoxdur. Hazırda I və III sinif komplektinə dərs deyirəm. Sinifdə 3 nəfər var, I sinifdə 1 nəfər, III sinifdə isə 2 nəfər oxuyur. Kəndlərdə gənc ailələr az olduğu üçün məktəb yaşlı uşaqların da sayı azdır”.



I sinif şagirdi Mirzə Mikayılov məktəbə Köhnə Daxar kəndindən gəlir. Mirzənin məktəbə, oxumağa həvəsi böyükdür. Elə buna görədir ki, oxumaq üçün hər gün bir neçə kilometr yol qət edir. Dediyinə görə, onun ən böyük arzusu polis olmaqdır.



Məktəbin II və IV siniflərdən ibarət digər komplektində cəmi 6 şagird təhsil alır. 5-ci sinifdə oxuyan Familə Bağırova isə dərsə at belində gəlir.

“Yolumu uzaqdır. Kəndimiz məktəbdən 4 kilometr aralıda yerləşir. Dərəkəndə yaşayıram. Yolumuz dağlıq olduğu üçün atam məni məktəbə hər gün at belində gətirir".



Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək 50-dən yuxarı bal toplayan iki müəllim burada dərs deyir. Onlardan biri Azərbaycan dili və ədəbiyyat müəllimi olan Ceyhun Əsgərovdur. O, Bakının Şağan qəsəbəsindəndir.

Gənc müəllim 2016-ci ildən bu məktəbdə çalışır: “Artıq 5 ildir İsmayıllıdayam. Məktəb rəhbərliyi qalmağımız üçün yer təşkil edib, aylıq maaşım 600 manatdır”.



Daha sonra media nümayəndələri Lahıc qəsəbə tam orta məktəblə tanış olublar. Bildirilib ki, 400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Binanın daxilində hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar, idman zalı üçün xüsusi paltardəyişmə otağı, duş və sanitar qovşaqlar tikilib.

Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri, ərazisində qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub.



Direktor Hikmət Haqverdili diqqətə çatdırıb ki, hazırda məktəbdə 30 müəllim çalışır: “Amma bizim musiqi, rəsm, ingilis dili, coğrafiya və ibtidai sinif müəlliminə ehtiyacımız var. Müəllimlərə həvəsləndirmə tətbiq edilmədiyi üçün bura gələnlərin sayı azdır. Gələn müəllimlər də müqavilə ilə işləyir və bir ildən sonra gedirlər. Hər il eyni proses yaşanır. Daimi müəllim olsa, bizim işimiz də daha rahat olar”.



Əməkdar müəllim, məktəblərdə keçirilən “Fizika” kitablarının müəllifi olan Rövşən Əliyev 1992-ci ildən burada işləyir: “Lahıcda hər zaman riyaziyyat və fizika təhsili yüksək olub. Bizim bu sahə üzrə akademiklərimiz, professorlarımız var. Yeni məktəbimizdə bu ənənəni davam etdirməyə çalışırıq. Fizikadan 7 nəfər olimpiada qalibimiz var. Eyni zamanda digər fənlər üzrə də məktəbin nailiyyətləri yüksəkdir".

Rəna Əlisaflı müəllimlik imtahanında 50 bal toplayaraq işə qəbul olunub. O, əslən İsmayıllının Xankənd kəndindən olsa da, Sumqayıtda boya-başa çatıb

"Sumqayıt Dövlət Universitetini bitirəndən sonra 2 il işsiz qaldım. Müsabiqədə 50 bal topladım, sonra bu məktəbi seçib işə başladım. İbtidai sinif müəllimiyəm və uşaqlarla işləmək mənim çox maraqlıdır”.

Mediatur zamanı jurnalistlər məktəblərdəki dərs prosesi ilə də tanış olublar.









































Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az



Teqlər: Lahıc   İsmayıllı   Məktəb   Dərs  





Xəbər lenti