Ramiz Məmmədov yenidən direktor təyin edildi

   Ramiz Məmmədov yenidən direktor təyin edildi
  06 Mart 2019    Oxunub:5690
Martın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Bildirib ki, iclas çoxəsrlik Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Səməd Vurğunun fəaliyyətinə həsr olunub. AMEA rəhbəri böyük şairin unudulmaz alim, vətənpərvər insan olduğunu, xatirəsinin həmişə könüllərdə əbədi qalacağını diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan ədəbiyyatında dramaturq kimi şöhrət qazanan Səməd Vurğun zəngin fəaliyyəti ilə, gözəl xatirələrlə yada salınır. Alim Səməd Vurğunun bahar şairi olduğunu və xalq şairi kimi bütün ömrünü insanlığa, vətənpərvərliyə həsr etdiyini diqqətə çatdırıb.

Sonra Humanitar Elmləri Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə ilə çıxış edib.­ Akademik bildirib ki, milli ədəbi düşüncəmizin məntiqi davamı kimi təzahür edən, öz mənşəyini bilavasitə folklor təfəkkürünün etnik-mədəni potensiyalın­dan götürən, dərin lirizmi və ümumbəşəri dəyərlər sistemi ilə səciyyələnən Səməd Vurğun poeziyasında ən aparıcı ideoloji tendensiyalardan biri azərbaycançılıq məfkurəsi olub. Alim sovet dövründə Səməd Vurğunun azərbaycançılıq məfkurəsinin yalnız milli-mənəvi deyil, eyni zamanda funksional olaraq milli dövlətçilik təfəkkürünün qorunması baxımından da olduqca müstəsna əhəmiyyətə malik olduğunu deyib.

Akademik T.Kərimli ümummilli lider Heydər Əliyevin şairin 90 illik yubileyində Səməd Vurğunun şeirlərinin Azərbaycan dilini zənginləşdirdiyini və inkişaf etdirdiyini söylədiyini xatırladaraq bildirib ki, Ulu öndər dahi ədibin yaradıclığına yüksək dəyər verib.

Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şairin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı sərəncamını xatırladan natiq bildirib ki, bu sənəd ölkə başçısının ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğının növbəti göstəricisidir.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb, müvafiq qərar qəbul edilib.

Daha sonra iclasda Rəyasət Heyəti ölkə iqtisadiyyatının və insan kapitalının davamlı inkişafında AMEA-nın iştirakının daha da genişləndirilməsi, Strateji yol xəritələrində verilmiş tapşırıqların icrasının tam həcmdə təmin olunması məqsədilə "AMEA-nın 2019-2020-ci illər üçün Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə Strateji yol xəritələrində qoyulmuş vəzifələrin icrası üzrə Tədbirlər planı"nı təsdiq edib.

İclasda həmçinin akademik Həmid Araslının 110 illik, akademik Asəf Nadirovun 90 illik yubileylərinin keçirilməsi ilə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin 29 iyun 2018-ci il tarixli 11/4 nömrəli qərarına dəyişiklik edilməsi, AMEA-nın Lənkəran Elmi Mərkəzində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılması, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar və Fəlsəfə institutlarının strukturlarında qismən dəyişiklik edilməsi haqqında da qərarlar verilib.

Sonda kadr məsələsinə baxılıb. Akademik Ramiz Məmmədov AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsinə təsdiq olunub.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti