Təhsil Nazirliyi, "Bakcell" və “AzEduNet” arasında əməkdaşlıq protokolu - FOTO

Təhsil Nazirliyi, "Bakcell" və “AzEduNet” arasında əməkdaşlıq protokolu -    FOTO
  05 Mart 2019    Oxunub:1530
Martın 5-də Təhsil Nazirliyi, "Bakcell" və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib.
Əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris İsayev, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzalayıb.

Protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsi ilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kart, Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan “AzEduNet” şirkəti tərəfindən isə şəbəkənin resurslarına limitsiz çıxış imkanı və texniki dəstək xidməti ilə təmin ediləcək. Tərəflər həmçinin Bakcell şirkətinin təhsil sahəsinə aid korporativ sosial məsuliyyət layihələri çərçivəsində birgə əməkdaşlıq səylərini daha da gücləndirəcəklər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri təhsil müəssisələrinin şəbəkə infrastrukturu ilə təmin olunmasıdır. Bu baxımdan ölkədə ən böyük daxili təhsil şəbəkəsi olan və tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Nazir müavini qeyd edib ki, son illər şəbəkəyə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin rəqəmsallaşdırılması istiqamətləri üzrə işlər həyata keçirilir.

"Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers bu əməkdaşlığın ölkədə təhsilin inkişafı və müasir texnologiyaların tətbiqi baxımından strateji xarakter daşıdığını vurğulayıb. Nikolai Beckers diqqətə çatdırıb ki, "Bakcell" özünün genişmiqyaslı korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqətdə saxlayır və ölkədə təhsilin inkişaf etdirilməsinə töhfə verməyə çalışır. “Bakcell”in baş icraçı direktoru Təhsil Nazirliyi ilə birgə fəaliyyətin uğurlu olacağına əminliyini bildirib.

Tədbirdə "Bakcell" və “AzEduNet” şirkətləri tərəfindən ucqar kəndlərdə yerləşən ümumtəhsil müəssisələrinin təmənnasız şəbəkə imkanları ilə təminatı yüksək qiymətləndirilib.

Azvision.az


Teqlər: Bakcell   TN  





Xəbər lenti