GUAM GUTAM-a çevrilir?.. - TƏHLİL

GUAM GUTAM-a çevrilir?.. - TƏHLİL
  19 Noyabr 2013    Oxunub:1760
Prezident İlham Əliyevin ilk səfərini Türkiyə edib, ardınca isə Ukraynaya getməsindən sonra həmin ölkənin mediası belə bir versiya irəli sürdü ki, Türkiyənin də iştirakı ilə GUAM birliyi yenidən yaradıla bilər. Bir sıra ukraynalı ekspertlər də bu ehtimala ciddi yanaşırlar.

Ehtimalı gücləndirən amillər odur ki, İlham Əliyevin ikinci səfərini Rusiyaya edəcəyi proqnozlaşdırılırdı. Amma o, Ukraynaya getdi və maraqlıdır ki, Kiyevdə heç bir sənəd imzalanmadı. Demək, məqsəd yalnız danışıqlar aparmaq imiş...

Hazırda MDB-də gedən proseslərin fonunda Ukrayna ilə Azərbaycanı birləşdirən xeyli strateji məqamlar var. Hər iki dövlət Gömrük İttifaqına qoşulmaq istəmir, həm Qərb, həm də Rusiya ilə normal tərəfdaşlıq münasibəti saxlamaqda maraqlıdır. Belə məqamda Türkiyənin GUAM-a qoşula bilməsi ehtimalı da diqqətdən yayınmır.

Politoloq Qabil Hüseynli də bu variantın mümkün olduğunu düşünür. Prosesləri AzVision.az-a şərh edən siyasi ekspert Türkiyənin GUAM-a qoşula biləcəyinin mümkün olduğunu deyir. Onun sözlərinə görə, rəsmi Ankara bu variantı məqbul saysa da, Türkiyədə GUAM-a münasibət heç də birmənalı deyil.

- Türkiyənin GUAM-a qoşulması perspektivli ola bilər. Amma Türkiyədə buna həvəs göstərmirlər. Onlar Avropa Birliyinə girməyə çalışdıqlarına görə, GUAM-a qoşulmağa meyilli deyillər. Amma bu variant rəsmi Ankara üçün qaçılmaz ola bilər”-deyə politoloq bildirib.

Q.Hüseynli daha sonra prezident İlham Əliyevin Ukrayna səfərinə toxunaraq, ölkə başçısının ikinci rəsmi səfərə nə üçün Rusiyaya deyil, Kiyevə getməsinin səbəbini izah edib. Siyasi ekspertin fikrincə, ölkə başçısının bu səfərindən sonra GUAM-ın fəaliyyətində yeni dönüş yarana bilər.

“Prezident İlham Əliyevin Ukrayna səfəri yüksək qiymətləndirilməlidir. Azərbaycan bu səfərlə öz gələcək perspektivlərini nümayiş etdirdi. Düzdür, GUAM-ın iki üzvü - Gürcüstan və Moldova bu saat proseslərdə aktiv iştirak etmir, amma onların aktivləşdirilməsi o qədər də çətin məsələ deyil. Çünki, Moldova da, Gürcüstan da Rusiya ilə müəyyən məsafəni saxlayırlar. Qaldı Ukrayna. Əsas məsələ bu zəncirdə Ukraynanın strateji müttəfiqliyini qazanmaqdır. O strateji müttəfiqliyi də Azərbaycan qazana bildi. Və Azərbaycanla Ukrayna arasındakı münasibətlər bu saat mən deyərdim ki, ideal səviyyədədir. Üstəlik, həm Ukrayna Avropa Birliyinə real namizədlərdən biridir. Və yəqin ki, Avropa Birliyinə assosiativ üzvlərdən biri olacaq”.

Politoloq hesab edir ki, Ukraynanın Avropa istiqamətində nüfuzunun atrması Rusiyanın zəifləməsinə təkan ola bilər. Ekspertin ehtimalına görə, Türkiyə GUAM-a daxil olarsa, bu birlik Qarabağ münaqişəsinin həllində tutduğu mövqedən çəkindirə bilər:
- Zənnimcə, Ukraynanın üzünün Avropaya olması Rusiyanın zəiflədilməsi prosesi deməkdir. Və Azərbaycan bu prosesə yardım etməlidir. Çünki Azərbaycana qarşı Dağlıq Qarabağla bağlı problemlərdə, ümumiyyətlə, sərhəddə yaradılan süni əngəllərdə Rusiya həmişə təhrikçi rolunu oynayır. Rusiya Azərbaycana qarşı xeyirxah dostluq münasibətləri nümayiş etdirmir. Zənnimcə, Azərbaycan Ukrayna ilə, Dağlıq Qarabağ kimi problemi olan Moldova ilə, Dağlıq Qarabğdan betər problemi olan Gürcüstanla münasibətləri inkişaf etdirə bilsə, Rusiyanın müxtəlif təfriqələrinə qarşı sinə gərə bilər. Həm də müstəqilliyini qoruyub saxlayar, münaqişəli problemləri həll edə bilər.

Bölgədə baş verən son proseslər Azərbaycanın Türkiyə və Ukrayna kimi dost ölkələrlə ikitərəfli əməkdaşlığa maraqlı olduğunu göstərir. Xüsusən də Rusiyanın dəyişkən siyasi mövqeyi GUAM-ın güclənməsinə təkan verə bilər. Birliyin əsas güclərinin - Azərbaycan və Ukrayna prezidentlərinin sonuncu görüşündən sonra GUAM-ın fəalliyyət dariəsinin genişləndiriləcəyi qaçılmazdır. Türkiyənin də bu təşkilata qoşulama ehtimalı əlaqələrin yüksələn xətt üzrə inkişafına müsbət təsirini göstərəcək. Bir sözlə, hazırkı siyasi proseslərin fonunda GUAM-ım tezliklə GUTAM-a çevriləcəyinə proqnoz verməyə əsas var.

Mirvari Nəcəfova


Teqlər:  





Xəbər lenti