"Hizbullah" silahı yerə qoyur?

   "Hizbullah" silahı yerə qoyur?
  09 Aprel 2025    Oxunub:1130
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının adı çəkilməyən nümayəndəsi "Reuters" xəbər agentliyinə verdiyi açıqlamada "İsrail Ordusu Livandan çəkilərsə" silahı yerə qoyacaqlarını dilə gətirib.
Digər tərəfdən, Livan Parlamentinin deputatı, "Hizbullah" təşkilatının üzvü İhab Həmadə Qətərin "Al Araby" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, "adı çəkilməyən" hər hansı nümayəndənin belə bir bəyanat verməyə ixtiyarı yoxdur.

"Deyiləsi hər sözümüzü rəsmi surətdə söyləyirik. "Hizbullah"ın silahı yerə qoyub-qoymaması Livanın daxili məsələsidir. Bu barədə Livanın milli siyasəti çərçivəsində, üçüncü tərəfin müdaxiləsindən kənar müzakirə aparılacaq", - deputat Həmadə vurğulayıb.
"Hizbullah" Livanı hərəkətə keçməyə çağırır

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Hizbullah   İsrail   münaqişə  





Xəbər lenti