F.Cumayev müasir dövrdə mədəni irsin qorunmasında texnoloji yeniliklərin tətbiqinin zəruri olduğunu vurğulayıb, bu sahədə beynəlxalq tendensiyalardan danışıb. Forumda bu mövzunun müzakirəsinin təsadüfi olmadığını bildirən şöbə müdiri ölkəmizdə mədəni irsin qorunmasında və təbliğində müxtəlif innovativ vasitələrdən geniş istifadə edildiyini diqqətə çatdırıb.
ICESCO-nun İslam Dünyası İrsi Mərkəzinin eksperti Məhəmməd əl-Absi mərkəz tərəfindən abidələrin tədqiqi, qorunması və bərpası istiqamətində görülən işlər barədə məlumat verib. Deyib ki, abidələrin bərpa və konservasiyasında texnoloji yeniliklərin tətbiqi bu sahədə fəaliyyətin effektivliyini daha da artırır, mütəxəssislərin işinə kömək edir.
Texnoloji innovasiyalar üzrə mütəxəssis Tal Katran ICESCO üzv ölkələrini birgə əməkdaşlığa, müvafiq sahə üzrə təcrübə mübadiləsinə, səyləri birləşdirməyə dəvət edib: "Hələlik vahid bilik platformasına sahib deyilik, lakin bu çox da maddi vəsait tələb etmir. Bu, istək və böyük iradə tələb edir”. T.Katran çıxışının sonunda qonaqları Bakı şəhərində yerləşən, Mədəniyyət Nazirliyinin təsis etdiyi Yaradıcı Mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət edib.
Sonra panel mütəxəssislərin fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
AzVision.az