430 manat təqaüd alan 50 yaşlı tələbə: “Aldığım pulu ailəmə göndərirəm”

430 manat təqaüd alan 50 yaşlı tələbə:  “Aldığım pulu ailəmə göndərirəm”
  17 Aprel 2019    Oxunub:11993
Azərbaycanda ən yüksək təqaüd alan tələbə Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya fakültəsinin 2-ci kurs tələbəsi, 50 yaşlı Əfsəl Qazıyevdır. O, aylıq 430 manat təqaüd alır.
Əslən Quba rayonundan olan Ə.Qazıyev Azvision.az -a açıqlamasında bildirib ki, təhsil almaq heç vaxt gec deyil. Dediyinə görə, oxumaq arzusu onu 48 yaşınadək rahat buraxmayıb.

“İlk təhsilim orta təhsil olub, meyvə-tərəvəzçi aqronom olmuşam. 1989-cu ildə Quba Savxoz Texnikomunu bitirmişəm. O vaxtdan bəri Azərbaycan Dövlət Aqrar Universitetində oxumaq arzusunda idim. Ailə vəziyyəti, həyat şəraiti elə gətirdi ki, 48 yaşında ali məktəbə sənəd verməli oldum. Oxumaq arzusu məni rahat buraxmırdı. Hazırda dövlət hesabına sifarişli təhsil alıram. 2017-2018-ci tədrsi ilində Aqrar Universitetin Ekologiya fakültəsinə son keçid hədd 196 bal idi. Mən 198 bal toplayaraq həmin ixtisasa qəbul olundum. İmtahanlara ciddi hazırlaşırdım, müəllim yanına getməmişəm. Sənədlərimi universitetə verəndə yalnız ailə üzvülərim bilirdi. Anama da deməmişdim. Qəbul olduqdan sonra onlara xəbər verdim".



Ə.Qazıyev 4 uşaq atasıdır. Hazıda onunla yanaşı qızı da universitetdə təhsil alır: "4 övladım var. Qızım Lənkəran Dövlət Universitetinin kimya-biologiya fakültəsinin birinci kurs tələbəsidir. Oğlum aprel ayında əsgərlikdən gəlib. O da ali məktəbə hazırlaşır. Digər iki övladımdan biri 9, biri isə 10-cu sinif şagirdidir”.

50 yaşlı tələbə universitetdən aldığı təqaüdü ailəsinə göndərdiyini deyib: “Ailəm hər zaman mənə dəstək olub. Təhsil almaq istədiyimi deyəndə, heç kim qarşı çıxmadı. Hazırda işləmirəm, universitetdə əyani şəkildə təhsil alıram. Universitetin yataqxanasında qalıram. Anam və qardaşlarım maddi cəhətdən ailəmə kömək edir. Keçən ildən universitetimizin rektoru İbrahim müəllim mənə aylıq 200 manat fərdi təqaüd təyin edib, bundan başqa, əlaçılığa görə də 130 manat təqaüd alıram. İmtahanlardan topladığım 600 bala görə də məktəb rəhbərliyi 100 manat əlavə pul verir ki, toplam 430 manat edir. Aldığım təqaüdü ailəmə göndərirəm ki, ali təhsil alan qızım çətinlik çəkməsin”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tələbə   Təqaüd   Gəncə   Quba  





Xəbər lenti