BŞTİ müdiri imtahanın gedişini izləyib

BŞTİ müdiri imtahanın gedişini izləyib
  08 May 2019    Oxunub:2278
Mayın 8-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev işə qəbul üzrə imtahanların gedişi ilə tanış olub.
BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan Azvision.az -a verilən məlumata görə, imtahan prosesini izləyən idarə müdirinə imtahanlara hazırlıq işinin təşkili, namizədlər üçün yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələri üzrə işə qəbul 5 ildir müsabiqə qaydasında həyata keçirilir.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 647 namizəd https://azvision.az/redirect.php?url=http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib və müsabiqənin növbəti (test imtahanı) mərhələsinə buraxılıb.

Qeyd edək ki, mayın 6-dan start verilən işə qəbul üzrə imtahanlar çərçivəsində laborant, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə müsabiqəyə qatılan şəxslərə 30 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 45 dəqiqə, təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və psixoloq vəzifələri üzrə namizədlərə isə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt ayrılır. İmtahanın sonunda hər bir namizədin ilkin nəticəsi birbaşa kompüterin ekranında görünür.

Laborant və kitabxanaçı vəzifələri üzrə işə qəbul imtahanları artıq başa çatıb. Mayın 8-də uşaq birliyi təşkilatı rəhbəri, mayın 10-da təlim-tərbiyə işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, mayın 11-də isə tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.

Aparılan təhlillər deməyə əsas verir ki, ötən ilə nisbətən bu il imtahanlarda iştirak üçün qeydiyyatdan keçənlərin sayı iki dəfədən çox artıb. İmtahanların nəticələrinə əsasən, 400 nəfərdən çox namizəd qeyd olunan vəzifələr üzrə işlə təmin olunacaq.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

Azvision.az



Teqlər: BŞTİ  





Xəbər lenti