Sankt-Peterburq Universitetinin azərbaycanlı professoru

  Sankt-Peterburq Universitetinin azərbaycanlı professoru
  09 May 2019    Oxunub:10588
Doğulub boya-başa çatdığı dədə-baba yurdu tez-tez yuxularına girir. Bu yurdu qarış-qarış gəzib dolaşır. Elə ki, döngələrindən keçib, küçələrindən ötüb ayağı çəmənliyə dəyir, doğma torpağın tanış qoxusu onu yuxudan oyadır. Gözləri yaşarır, köks ötürür. Ağdam üçün burnunun ucu göynəyir.
Haqqında söhbət açdığım Niyaz Niyazov 1967-ci ildə Ağdam şəhərində dünyaya gəlib. 1984-cü ildə orta təhsilini bu şəhərin 7 nömrəli məktəbində bitirib. Eyni zmanda 1975-1980-ci illərdə rayonun musiqi məktəbinin tar sinifində oxuyub. 1984-cü ildə indiki Sankt-Peterburq Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunub. Bir il sonra onu hərbi xidmətə çağrıblar. 1985-1987-ci illərdə sovet ordusu sıralarında əsgərlik edib. Ordudan təxris olunduqdan sonra tələbəsi olduğu universitetdə təhsilini davam etdirməyə başlayıb. 1991-ci ildə ali təhsilini başa vuraraq Azərbaycana qayıdıb. Bir ildən sonra yenidən Sankt-Peterburqa üz tutub. Bu dəfə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin tarix fakültəsində həm çalışıb, həm də aspiranturada elmi işlə məşğul olub. 1997-ci ildə tarix elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2000-ci ildən Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqələr fakeltəsində çalışır. Əvvəlcə dosent işləsə də, hazırda fakültənin professoru və həm də beynəlxalq əlaqələr kafedrasının müdiridir. 2012-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. "Əməkdar Təhsil İşçisi"dir.



Atası Sabir Niyazov bir vaxtlar Ağdam rayon Komsomol Komitəsinin birinci katibi, sonra Rayon Partiya Komitəsinin ikinci katibi işləyib. Ömrünün son illərində Ağdamda işıq üzü görən "Lenin yolu" qəzeti redaksiyasının rəhbəri olub. 1982-ci ildə vəfat edib. Anası Solmaz Qurbanova Ağdam rayon Uşaq Xəstəxanasında pediator həkim işləyib. 1987-ci ildə dünyasını dəyişib.

Ən böyük arzusu işğal altındakı torpaqlarımızın tezliklə azadlığa çıxmasıdır. Bir alim kimi Azərbaycan həqiqətlərinin Sankt-Peterburq ictimaiyyətinə çatdırılmasında xidmətləri vardır. Azərbaycan haqqında elmi məqalələrlə, Qarabağla bağlı publisistik yazılarla dövri mətbuatda tez-tez çıxışlar edir. Bacardığı qədər azərbaycanlıların diaspor təşkilatlarının tədbirlərinə qatılır. Torpaqla ünsiyyətdə olmağı çox sevir. Şəhər kənarında fərdi bağ da alıb. Asudə vaxtlarında orada işləməkdən ləzzət alır. Necə deyərlər, əlləri qızıldır. Evini, məişət əşyalarını ozü təmir etməyi xoşlayır. Muğamlarımızdan tutmuş repə qədər Azərbaycan musiqiqini dinləməkdən yorulmur.



Ömür-gün yoldaşı Qalina Niyazova siyasi elmlər namizədidir. Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqələr fakultəsində ingilis dili müəllimi işləyir. İki övladı vardır. Oğlunun adı Sabir, qızının adı isə Nərminədir.

Hobbisi çox qəribədir. Kiçik plasmas, dəmir lövhəciklərdən hərbi maşınların maketlərini yığır. İndi də Azərbaycan istehsalı olan hərbi maşınların kiçik maketləri üzərində çalışır. Onları mənə göstərdikcə heyrətə gəlirdim. Və həm də düşüncələrimdə ondakı bu hobbinin haradan qaynaqlandığını araşdırırdım. Deyəsən tapmışam: Axı hər bir qarabağlı həm də hər an döyüşə atılmağa hazır, ehtiyatda olan döyüşçüdür. Döyüşçü isə hərbi texnikanı yaxşı tanımalıdır.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: Rusiya   Professor  





Xəbər lenti