Ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçirilib

Ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçirilib
  12 May 2019    Oxunub:4445
Ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin peşəkar kadrlarla komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlər çərçivəsində qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı keçirilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi ilə birlikdə Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş imtahanı aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləmiş, həmçinin tədbirin gedişi Nazirliyin internet səhifəsi (www.iustice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.

"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

301 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 165 nəfər keçid balı toplayaraq müvəffəqiyyət qazanıb (siyahı Nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib).

Bildiririk ki, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri Nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.

Əlavə informasiyanı Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   İmtahan  





Xəbər lenti