Foqtsun beş ilinə neçə düşür? – TƏHLİL
Əslində, əsas komandamız ötən illərlə müqayisədə daha yaxşı nəticələr qazandığından, məntiqlə alman çalışdırıcının postunda qalmasını istəyənlərin sırası geniş olmalıydı. Hər halda, Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində 9 xal yığmaqla özü üçün yeni rekord müəyyənləşdirmişdi ki, bunu da yığmamız üçün sıradan olay saymaq olmazdı.
Daha bir diqqətçəkən məqam isə tarixinin 22-ci ilini arxada qoyan yığmamızın bu müddətdə 2-ci dəfə top fərqində müsbət balansa malik olması oldu. Yığmamız yalnız 20 il əvvəl – 1993-cü ildə buraxdığından daha çox qol vurmuşdu. Bu da daha çox onunla bağlı idi ki, həmin vaxt millimiz heç bir seçmə oyununa çıxmamışdı. Başqa sözlə, yalnız yoxlama oyunları keçirmək millimizin xeyrinə olmuşdu. Bu dəfə isə cari “futbol ili”ndə rəsmi və qeyri-rəsmi matçların toplam oyunlardakı top fərqi kamandamızın lehinə oldu.
Ümumiyyətlə, 2008-ci ildən milli komandamızın “sükanı arxası”nda olan və son üç seçmə mərhələdə Azərbaycan yığmasına rəhbərlik edən Berti Foqts hər seçmə mərhələdə milli komandamızın xal ehtiyatını 2 xallıq intervalla artırmaqla tarix yazsa da, bütün bunlar heç də alman çalışdırıcının işinin öhdəsidən yaxşı gəldiyini düşünməyə əsas vermir. Beş ildən artıqdır ölkəmizdə fəaliyyət göstərən mütəxəssis daha böyük uğurlar qazanmağa borclu idi. Hər halda, bu müddət ərzində uğur qazanmağın yolların axtarmaq daha düzgün olardı, nəinki hər dəfə güclü rəqiblərlə qarşılaşma öncəsi “çalışacağıq ki, böyük hesablı məğlubiyyətə düçar olmayaq” kimi təslimçi açıqlamalar vermək və ya hər yenilgidən sonra Almaniyaya yollanmaq.
Razıyam ki, bu gün alman çalışdırıcını tənqid etmək daha asandır, nəinki meydana rəqiblərlə başabaş oynaya biləcək komanda çıxarmaq. Amma bütün bunlar legioner məşqçiyə nə vaxtaşırı premyer-liqaya hörmətsizlik nümayiş etdirmək, nə də yerli-yersiz ölkə klublarını və yerli məşqçiləri tənqid etmək haqqı verir. Məgər federasiya rəsmiləri almanı yığmanın “sükanı arxası”na futbolumuzu aşağlamaq üçün gətirib? Axı niyə də vaxtaşırı “Burada qazanacağım nəticələrin mənim gələcək karyerama heç bir müsbət təsiri yoxdur” kimi məsuliyyətsiz ifadələr işlədən Berti Foqtsun yerini yerli məşqçilərdən biri tutmasın?
Bu yerdə 2010-cu ildəki dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutmuş Rusiya-Azərbaycan matçının gedişində rus şərhçinin dediyi fikirləri xatırlamaya bilmirəm: “Görünür, Foqtsun məşqçi bacarığı keçmişdə qalıb. Almaniyanı Avropa çempionu edən çalışdırıcı bundan sonra heç cür müasir futboldan baş çıxara bilmir”. Hər halda, nəticəni özünüz çıxarın.
AFFA ilə imzaladığı müqavilənin şərtlərinə əsasən hər ayın yarısını ölkəmizdə keçirməli olan Foqts milli komandamızın məğlubiyyətlərindən sonra belə, ya öz vətənində olur, ya da almanın səsi qolf yarışmalarından gəlir. Düzdür, məşqçini bu cür turnirlərə qatılmasına görə ittiham etmək fikrində deyilik. Amma ölkə futbolundakı bütün olaylara sıradan bir şey kimi yanaşan çalışdırıcının iki mövsüm öncə ölkə kubokundakı “Xəzər Lənkaran”- “Neftçi” matçını yarımçıq tərk etməsinə və buna səbəb kimi havanın soyuq olmasını, eləcə də oyunun son dəqiqələrində paytaxt klubunun fərqlənmə ehtimalının azlığını göstərməsi qeyri-peşəkarlıq nümunələrindən başqa bir şey deyil. Bu adama deyən lazımdır ki, sən matçı “Neftçi”nin azarkeşi kimi yox, millinin baş məşqçisi gözü ilə izləməli idin. Bu sənin azarkeşlik yox, vəzifə borcundur. Amma hər halda,ölkə futbol qurumunun müstəsna səlahiyyətlər verdiyi və hər dediyi ilə razılaşdığı Foqtsun yenə yaxın keçmişdə premyer-liqa çərçivəsində baş tutmuş “Xəzər Lənkəran”- “Neftçi” görüşünü izləməməsində və buna səbəb kimi alman televiziyasının sözügedən qarşılaşmanı yayımlamasını göstərməsində heç nə axtarmağa dəyməz.
Berti Foqtsun Qırğızıstanla qarşılaşmadan sonra “yaxşı məşqçi heç vaxt yoldaşlıq görüşlərində nəticəyə oynamaz” şəklində açıqlama verməsi də diqqət çəkdi. Bəlkə də bu açıqlamanı normal qarşılamaq olar. Razıyam ki, hazırlıq qarşılaşmaları nəticədən çox eksperimentlər aparmaq baxımından önəmlidir. Amma əgər alman çalışdırıcı Qırğızıstan qarşısında da əsasən optimal heyətin üzvlərinə güvəndisə, deməli, yoldaşlıq oyunu yığmaya yeni oyunçuların qazandıırılması baxımından əhəmiyyətli olmadı.
Millinin rəsmi oyunlarından birində - oyunsonrası mətbuat konfransında Berti Foqts məğlubiyyətin səbəblərini açıqlayarkən, meydanda iki nəfər qaçır, qalanı baxırdı demişdi”. Əgər milli komandada vəziyyət belədirsə, onda həmin qaçmayan doqquz futbolçunun yığma komanda da nə işi var? Və ya mövcud durumu dəyişə bilməyən və hazırlıq qarşılaşmalarında yeni simalara bel bağlamayan Foqts niyə millimizə rəhbərlik edir?
Düzdür, ölkənin futbol arenasında gurultulu adların səslənməsi hamımız üçün xoşdur. Amma tanınmış futbol simalarının adları uğur qazanmaq üçün bəs etmir axı. Məsələn, son illərdə BATE-ni Çempionlar liqasının qrup mərhələsinə çıxaran Viktor Qonçarenkoya və ya “Şerif”i Avroliqanın sözügedən mərhələsinə daşıyan Andrey Soçinskiyə Foqtsdan daha yaxşımı şərait yaradılıb? Nəticə yoxdursa, deməli, məşqçidən çox, teatr aktyoruna bənzəyən Foqts getməli, əvəzində isə müasir futbolun tələblərinə cavab verən və onu tətbiq etməyə gücü olan gənc kadırlar gətirilməlidir.
Nə də olsa, bizim milli komanda hər qrup mərhələsində bir güclü komandanı büdrətməyi bacarıb. Milli komandamız nə İsveçrəni yenəndə, nə də Slovakiya və Serbiya və Çernaqoriyanı məğlub edəndə komandamız əcnəbi çalışdırıcıya əmanət edilmişdi.
Tural Məmmədov
AzVision.az üçün