Şagirdinə “yaxşı ki, dərsə gəlmədin” deyən müəllim

 Şagirdinə “yaxşı ki, dərsə gəlmədin” deyən müəllim
  07 İyun 2019    Oxunub:13849
Xəbər verdiyimiz kimi, mayın 22-də Qubanın Cimi kənd orta məktəbinin VI sinif şagirdi Dəyanət İsrafilov həmkəndlisi, 4 yaşlı Qızbikəni sel sularından xilas edib.
Son günlər haqqında xoş sözlər danışılan xilaskar Dəyanətin Riyaziyyat və informatika müəllimi Zeynəb Məmmədli hadisə ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb. O, bildirib ki, mayın 22-də saat 12 radələrində sinif otağından qadınların saçlarını yolduğunu, çaya doğru qaçdıqlarını görüb. Əvvəlcə nə olduğunu anlamayıb. Tənəffüs vaxtı olduğundan məktəbin həyətinə çıxaraq nə baş verdiyini öyrənməyə çalışıb:

"Məlum oldu ki, 2-3 yaşlı bir oğlan uşağı və 4-5 yaşında qız uşağı valideynlərindən bixəbər birlikdə çaya gedib və həmin gün çayda yaranmış güclü selin qurbanı olublar. Amma sağ olduqlarına ümid edərək dua edirdik onlar üçün. Müəllim, şagird, kənd camaatı – hər kəsin gözü yaşlı, ürəyi qan ağlayırdı. Uşaqların ikisinin də tapılıb, xəstəxanaya yetişdirildiyini eşidincə az da olsa rahatlıq tapdıq. Amma təəssüf ki, balaca Yusif tapılarkən dünyasını dəyişmiş halda olub. Çaydakı suyun axarı onu daşlara çırparaq xeyli məsafə apararaq cəsədini quru yola atıbmış. Olduqca dəhşətli idi bunu duymaq. "Bəs balaca Qızbikə necə sağ qalmışdı?!" sualı hər birimizi düşündürürdü".

Z.Məmmədlinin sözlərinə görə, səhər yuxudan gec oyandığı üçün dərsə gələ bilməyən Dəyanət balıq tutmaq üçün çaya düşüb.

"Dəyanət görüb ki, balaca qız kiçik bir daşdan yapışıb, bədəninin yarısı suyun içindədir, ağlayır. Tez qaçıb uşağı sudan çıxararaq "sən harada olursan?" soruşub və Qızbikə soyuqdan titrəyərək "burada" deyib, daha danışa bilməyib. Dəyanət özünü itirmədən uşağı onu axtaran nənəsinə çatdırıb. Balaca Qızbikəyə kənd sakinləri ilk yardım göstərərək, onu xəstəxanaya çatdıra bildilər. Sağ qalan Qızbikəni həmkarım Ruslan müəllim qollarında xəstəxanaya apararkən onun yol boyu "Yusif, Yusif" deyə sızıldadığını bizə danışdığında sanki qanım dondu damarımda. Bir uşağın bu böyüklükdə ürəyi olarmı?! Özü su içində, soyuqdan donaraq, nəfəsi az-az gəlsə də, gözləri yumulsa da, "Yusif..." deyə səsləməsi çox acıverici idi...", - gənc müəllim vurğulayıb.

Azvision.az


Teqlər: Məktəb   Müəllim  





Xəbər lenti