150 mindən çox müəllimin maaşı 2 dəfə artırılıb

 150 mindən çox müəllimin maaşı 2 dəfə artırılıb
  14 İyun 2019    Oxunub:2613
Son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılıb. Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib.
Azvision.az xəbər verir ki, bunu "Azərbaycan" qəzetində dərc olunan məqaləsində Təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, ilk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilib:

"Cari tədris ilinə ümumilikdə müddətsiz müqavilə əsasında 4053 nəfər, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub. Bütün bu tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb, 2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı 51 mini ötüb. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub".

C.Bayramov qeyd edib ki, 2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb, orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşıb.

"Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə maraq əhəmiyyətli şəkildə artıb, onlar arasında sağlam rəqabət və motivasiya güclənib, müəllimlik rəqabətli bir peşəyə çevrilib, təhsilin keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlib. 2018-ci ildə 500 baldan yuxarı toplamış abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçib ki, bu da strategiyanın icrasına başladığımız ilin eyni göstəricisindən 2,3 dəfə çoxdur. İnanırıq ki, bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına və yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcək".

Azvision.az


Teqlər: Təhsil   Nazir   Müəllim  





Xəbər lenti