22 min abituriyent fənlərin birindən sıfır bal toplayıb

 22 min abituriyent fənlərin birindən sıfır bal toplayıb
  21 İyun 2019    Oxunub:3652
“2018-ci ildə I–IV qruplar üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 30.6 faizi (22092 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb. Sıfır bal toplayanların faizi I qrupda kimya, riyaziyyat və xarici dil, II qrupda riyaziyyat, Azərbaycan tarixi və xarici dil, III qrupda riyaziyyat və xarici dil fənləri üzrə daha yüksəkdir”.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib. Bildirilib ki, ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 30.6 faizi imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib.

Təbii ki, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub, nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınıb və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub. “Təəssüf ki, gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar hələ də var. İmtahan fənlərinə qoyulan məhdudiyyət belələrinin müsabiqədə iştirakına imkan vermir. Dövlət İmtahan Mərkəzi imtahan fənlərinə nisbi bal məhdudiyyəti qoymaqla gənclərdə bütün imtahan fənlərinə ciddi münasibət formalaşdırmağa çalışır.

DİM şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan digər fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır. Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə, heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər”.

Jurnalda qeyd edilib ki, ümumilikdə, ana dili, ədəbiyyat, fizika, biologiya, coğrafiya və tarix fənləri üzrə sıfır bal toplayan abituriyentlərin faizi digər fənlərə nisbətən azdır. “Sıfır bal toplayanlar ən çox Azərbaycan tarixi, kimya, riyaziyyat və xarici dil fənləri üzrədir. Bu fənlər üzrə abituriyentlərin nəticələrinin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bir sıra məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də bu fənlər üzrə qəbula hazırlıq prosesinə laqeyd münasibətin nəticəsidir. İstənilən halda, bunun real səbəbləri aydınlaşdırılmalı və həmin fənlərə münasibətin dəyişdirilməsi üçün tədbirlər görülməlidir. İmtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir.

Bu bölmə üzrə I ixtisas qrupunda xarici dil, kimya, fizika və riyaziyyat, II qrupda xarici dil, riyaziyyat və Azərbaycan tarixi, III qrupda xarici dil və riyaziyyat, IV qrupda fizika və kimya fənlərindən sıfır bal toplayanlar daha çoxdur. Rus bölməsində daha çox sıfır bal I ixtisas qrupunda kimya və riyaziyyat, II qrupda Azərbaycan tarixi və riyaziyyat, III qrupda riyaziyyat və tarix, IV qrupda fizika və kimya fənlərindəndir. Azərbaycan bölməsi üzrə I qrupda kimya, II qrupda ana dili, coğrafiya və xarici dil, III qrupda ana dili, ədəbiyyat, riyaziyyat və xarici dil fənləri üzrə, rus bölməsində isə I qrupda kimya, II qrupda ana dili və coğrafiya, III qrupda ədəbiyyat, riyaziyyat və xarici dil fənləri üzrə sıfır bal toplayanların sayı ötən ildəkindən çoxdur”.

Azvision.az


Teqlər: DİM   Təhsil  





Xəbər lenti