Sarkisyan Olandla da Qarabağı müzakirə edib
Görüş zamanı prezidentlər iki ölkə arasındakı qarşılıqlı əlaqələrdə erməni-fransız siyasi dialoqunun yüksək səviyyədə olduğunu qeyd ediblər. Bildiriblər ki, iki dost ölkə arasındakı əlaqələrin inkişafı əsasən qarşılıqlı səfərlər, müxtəlif sahələrdə əhəmiyyətli əməkdaşlıq, eləcə də Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində əməkdaşlığa söykənib.
Fransa və Ermənistan prezidentləri qarşılıqlı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində böyük potensial olduğunu və bu istiqamətdə birgə islahatların həyata keçrilməsinin vacibliyini vurğulayıblar. Tərəflər həmçinin Ermənistanın Avropa birliyi ilə əməkdaşlığını müzakirə ediblər və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Sarkisyanla Olandın Qarabağ münaqişəsini də müzakirə etdikləri bildirilsə də bu barədə heç bir açıqlama verilmir.
Qeyd edək ki, Ermənistan prezidenti Litvaya Vilnüsdə keçirilən “Şərq Tərəfdaşlığı” Sammitində iştirak etmək üçün getmişdi.
Səbinə Həsənova
AzVision.az