“Qəbələ”nin baş məşqçisi: “Oyuna tam hazırıq”
“Sabah biz Avropa Liqasında ilk oyunumuzu keçirəcəyik. “Dinamo” bizim üçün çox ciddi rəqibdir. Oyuna tam hazırıq. Məsuliyyəti dərk edirik. Meydana qələbə üçün çıxacağıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq”.
S.Qurbanov komanda üzvlərinin təlim-məşq toplanışlarında yaxşı forma toplaya bildiyini qeyd edib. “Biz çempionatı geridə qoymuşuq, təlim-məşqlərdə hazırlıq prosesini başa vurmuşuq. Amma Gürcüstanda çempionat davam etdiyinə görə rəqib daha hazırlıqlı görünür. Çalışdıq ki, komandamız Avropa Liqası üçün pik formanı yığa bilsin. Meydana çıxan oyunçularımıza inanırıq. Hazırlıq matçlarında futbolçuların istəkli olması bizə ümid verib. Sabah bütün bunları meydanda göstərməliyik”.
S.Qurbanov rəqibin bütün çempionat matçını izlədiklərini söyləyib: “Dinamo” son oyunlarda qələbələri sıralayır. Onları analiz etmişik. Həm hücumda, həm də müdafiədə səhvsiz oynamalıyıq ki, rəqib istədiyi oyunu sərgiləyə bilməsin”.
Baş məşqçi “Qəbələ”nin heyətindəki gürcüstanlı futbolçuların hazırlığı barədə sualı da cavablandıırıb. “Həm Merab Giqauri, həm də Davit Volkov komandamızın əsas futbolçularından hesab olunur. Merab yeni cəlb olunsa da, kollektivə tez uyğunlaşıb. Davit isə ötən ildən bizimlədir. Komanda ilə titul da qazanıb. Bizə kömək edə bilib. Hər iki oyunçudan sabah meydanda yaxşı oyun gözləyirik. “Dinamo” komandasında yaxşı oyunçular var. Levan Şengeliyanı isə xüsusi qeyd etmək istəyirəm”.
Qeyd edək ki, “Qəbələ”-”Dinamo” oyunu iyulun 25-də Qəbələ şəhər stadionunda saat 19:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Tbilisidə olacaq.
Davud Tarverdiyev
Azvision.az
Teqlər: