Jurnalist olmaq istəyənlərin qabiliyyəti yoxlanılacaq

Jurnalist olmaq istəyənlərin qabiliyyəti yoxlanılacaq
  31 İyul 2019    Oxunub:3010
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 1-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, imtahanda iyulun 22-dən 25-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayır və 2 saat 30 dəqiqə davam edəcək.

Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 486 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 145 nəfərini oğlanlar, 341 nəfərini qızlar təşkil edir. 448 abituriyent Azərbaycan, 38 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi"ni.

İmtahanın məzmunu haqqında məlumat:

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

İnşanı (esseni) yazarkən abituriyent:

səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;

öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;

mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;

yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli;

ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;

ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli;

fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.

Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:

İnşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.

verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması;

abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;

çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;

yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;

yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.

Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qramatik və leksik səhvi olan yazılara verilir.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi movzudan fərqli movzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.

Azvision.az


Teqlər: DİM   Qabiliyyət   İmtahan  





Xəbər lenti