Təhsil haqqını verə bilməyən tələbələrlə bağlı təklif

  Təhsil haqqını verə bilməyən tələbələrlə bağlı təklif
  21 Avqust 2019    Oxunub:3363
Təhsil eksperti Kamran Əsədov Azərbaycanda “Təhsil” fondunun yaradılmasını təklif edib.
Azvision.az xəbər verir ki, ekspertin sözlərinə görə, tələbələrin təhsil haqqının ödənilməsinə dəstək məqsədilə “Təhsil” fondu yaradılmalıdır.

“Düzdür, Azərbaycan Gənclər Fondunu, “Maarifçi Kredit” Fondu, “Bilik” Fondu var. Amma bu fondlarda müsabiqə şərtini ödəyən şəxslərin təhsil haqqı ödənilir. Eyni zamanda, bu fondlar xarici ölkələrdə təhsil almağa üz tutan şəxslərin də maliyyələşdirilməsini həyata keçirir. Təklif etdiyim “Təhsil” fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin (qəbul olmuş istənilən şəxs) təhsil xərclərinin maliyyələşdirilməsini həyata keçirə bilər. Çox şəffaf sistem yaratmaq olar. Açıq bank hesabı ilə hər kəs müəyyən qədər yardım edə bilər. Hətta bunun üçün mütəmadi olaraq kampaniyalar təşkil etmək mümkündür”.

Ekspert hesab edir ki, “Təhsil” fondu tərəfindən maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanması ilə həyata keçirilə bilər. “Daha çox sıxıntı ilk ilin təhsil haqqının ödənilməsi ilə bağlı olur. Sonradan hissə-hissə ödəmək imkanı olduğu üçün şəxs tərəfindən ödənə bilər. Əlbəttə, hesabatlılıq əsas şərtdir. Düşünürəm ki, bu layihə qısa müddətdə həyata keçirilsə, yaxşı olardı".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Fond   Ekspert  





Xəbər lenti