Qarışıq Kiyevdən Qarabağla bağlı qorxulu proqnozlar

Qarışıq Kiyevdən Qarabağla bağlı qorxulu proqnozlar
  07 Dekabr 2013    Oxunub:1850
Sahib Alıyev

Bu həftə Kiyevdə - ikiqütblüyün və elə həm də ikihakimiyyətliyin hökm sürdüyü Ukrayna paytaxtında ATƏT ölkələri xarici işlər nazirlərinin toplantısı keçirilirdi. Adətən ATƏT-ə sədrlik bir ölkədən digərinə ötürüləndə üzv ölkələrin dövlət başçılarının da sammitləri düzənlənərdi. Bu, o zamanlar olurdu ki, dünyada oyun qaydalarını daha çox bir dövlət –ABŞ müəyyənləşdiridi. Son illər vəziyyət xeyli dəyişdiyindən, ATƏT-ə sədrliyin təhvil-təslim prosesi üzv ölkələrin dövlət başçılarının iştirakı olmadan reallaşdırılır.

2010-cu ildə 11 illik bir aradan sonra Qazaxıstan belə bir cəhddə bulundu, amma o sammitə cəmisi 38 ölkənin prezidenti və baş naziri qatıldı ki, onların da arasında Amerika başda olmaqla bir çox aparıcı dövlətlərin 1-ci şəxsləri yox idi. ATƏT-ə üzv olan ölkələrin dövlət başçılarının zirvə görüşlərində bir qayda olaraq postsovet məkanındakı münaqişələrin həlli gündəmə çıxarılır və bu yöndə ən azından danışıqlar prosesıni xeyli canlandıran addımlar da atılırdı. İndi bunu demək çətindi.

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Ukraynada keçirilən toplantısına Qərbin əksər aparıcı dövlətlərinin xarici siyasət idarələrinin başında duranların qatılmamasını nəzərə alsaq, orada bu yöndə əhəmiyyətli bir dəyişiklik təbii ki baş verməyəcəkdi və vermədi də. Düzdür, qurumun Kiyevdə keçirilən toplantısında da həllini gözləyən münaqişələrdən, o sıradan da Dağlıq Qarabağ problemindən danışıldı. Fəqət, hazırda Ukraynada vəziyyət necə qarmaqarışıqdırsa, Qarabağ münaqişəsinin həllilə bağlı verilən açıqlamalar da o cür oldu. Baxmayaraq ki, hər kəs münaqişənin həllinə tərəfdar olduğunu və tərəfləri bununla bağlı addımlar atmağa səsləyirdi.

“ATƏT ölkələri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə bərpa edilmiş dialoqa dəstək verməlidirlər”. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Kiyevdə Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışında belə deyirdi. Nəyə görə dialoqa dəstək verməlidirlər, maraqlı olan məhz budur. Xanım Nulandın təbirincə desək, ona görə ki, “dialoq sabit sülhə doğru ən yaxşı ümiddir”.

Belədə bizə də ümid etmək qalır ki, Minsk qrupuna həmsədrlik edən Amerika münaqişənin həlli üçün tələb olunan prinsipallığı göstərərək, hərəkətə keçəcək. Nəhayət, hər kəsi öz adıyla çağıracaq. Dağlıq Qarabağ münaqişəsindən söz düşəndə “tərəflər” sözündənsə, “işğalçı” və “işğala məruz qalan ölkə” terminlərini işlədəcək. Və bu həftə olduğu kimi Dağlıq Qarabağdakı separatçı reyimin təmsilçilərinə Konqresdə Amerika parlamentinin hər iki palatasının xarici əlaqələr komitəsinin sədrlərinin iştirakıyla üzdəniraq müstəqilliklərinin 22-ci ilini bayram etməyə şərait yaratmayacaq. Həmin tədbirdə olan sepratçı rejimin uydurma parlamentinin spikeri Aşot Qulyanın dediyi kimi, onlara açıq maliyyə dəstəyi göstərən yeganə ölkə olan Amerika siyasi iradə ortaya qoyaraq ikili oyunlara son verəcək.

Hələliksə Azərbaycan və Ermənistan rəhbərləri siyasi iradə otraya qoymağa çağırılır. Bu çağırışı edənlərdən biri də Azərbaycanın enerji layihələrindən ən çox faydalanan ölkənin- Böyük Britaniyanın dövlət naziri Devid Lidinqton idi. Maraqlıdır, görəsən cənab Lidinqton başa düşmürmü ki, Ermənistan rəhbərliyi siyasi iradə ortya qoymaq gücündə deyil? O, anlamırmı ki, əgər belə bir iradəsi olsa idi, Ermənistan rəhbərliyi Rusiya prezidentinin gözağartmasından sonra həmin Böyük Britaniyanın da üzv olduğu Avropa Birliyilə 3 ildir apardığı danışıqların üstündən bir günün içində xətt çəkərək, gedib Gömrük İttifaqına qoşulmazdı?

Sözügedən Rusiyanın təmsilçisi xarici işlər naziri Sergey Lavrovun da Kiyevdə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı açıqlaması oldu. Lavrov Rusiyanın Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına köməyi davam etdirəcəyini dedi. Moskvanın bu məsələdə köməyinin nə olduğunu biz neçə illərdir yaxşı görürük. Ona görə də, Lavrovun çıxışında ən çox diqqət yetirilməsi gərəkən bu sözlər yox, onun ATƏT çərçivəsində münaqişələrin prevensiyası üzrə mexanizmin yaradılması təşəbbüsünü alqışladıqlarını vurğulaması idi.

“Münaqişələrin prevensiyası üzrə mexanizm” deyiləndə tərəflər arasında savaşa başlanmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutulur. Yəni status-kvonun böyük dövlətlər nə qədər arzulayırlarsa, o qədər də uzadılması mexanizmindən söhbət gedir əslində. Rusiyanın istədiyi də elə budur. Ona görə də, ATƏT çərçivəsində münaqişələrdən danışarkən Lavrov postsovet məkanındakından daha qədim olan Kipr və İrlandiya münaqişələrinin adlarını çəkdi. Çəkməklə də demək istəyirdi ki, öncə siz bu konfliktləri yoluna qoyun, sonra postsovet məkanındakılardan danışa bilərsiniz.

ATƏT-in Kiyev toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlilə bağlı yeganə az-çox ümidverici bəyanat Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dilindən səsləndi. Məmmədyarov Ermənistanın xarici işlər nazirilə keçirdiyi görüşdən sonra “Nəticə olarsa, bu görüşü tarixi hesab etmək olar. Bundan əvvəl ümumi müzakirələr aparırdıq, yəni ümumi mühit barədə... Bu dəfə artıq konkret məsələlərə toxunub, onları müzakirə etdik” dedi.
“Konkret məsələ” deyəndə, çox ehtimal ki, Azərbaycanın işğal altındakı rayonlarından hansının öncə boşaldılacağı məsələsi nəzərdə tutulur. Deyilənə görə, Türiyənin xarici işlər naziri Əhməd Davutoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İrəvanda keçirilən toplantısına qatılmaqda güddüyü əsas məqsəd də elə budur: rəsmi İrəvanı Türkiyə Ermənistan sərhədini açmaq üçün heç olmasa işğal altındakı bir neçə rayonun boşaldılmasına razı salmaq.

Bu, baş verərsə, 24 gündən sonar ATƏT-ə sədrlik edəcək ölkənin- İsveçrənin də hisslərinə sığal çəkiləcək. Çünki Türkiyələ Ermənistan təmsilçiləri arasında gizli danışıqlar məhz bu ölkədə aparılmış və həmin danışıqların nəticəsi sayılan Sürix protokolu da orada imzalanmışdı. İsveçrənin araçılığıyla. Kiyevdən Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı daha bir az-çox ümidverici xəbər də odur ki, ilin əvvəlinə Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin görüşləri hazırlanır. Yəni İsveçrə ATƏT-ə sədrliyə başlar-başlamaz Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqlar gerçəkləşdiriləcək. Axırıncı yox, təssüf ki, axarıncı danışıqlar.

Dekabrın 12-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluyla yanaşı onun Rusiyalı həmkarı Sergey Lavrov da İrəvanda olacaq. Və əgər Ermənistanda Türkiyənin bu ölkəylə sərhədlərinin açılması üçün Azərbaycanın işğal altındakı bir neçə rayonunun boşaldılması haqda razılığa gəlinəcəksə, bu, ancaq Rusiyanın iznilə baş tutacaq. Rusiya buna gedəcəkmi, məsələ burasındadır və bu sualın cavabı Amrika- İran yaxınlaşmasının nə ilə nəticələnəcəyindən və bu zaman Ankara ilə Moskvanın birgə hərəkət edib-etməyəcəklərindən asılıdır.

Amerika-İran yaxınlaşmasının Qafqazda onların mövqelərinə zərbə vuracağından əndişələnərək Türkiyə ilə Rusiya birgə hərəkət edəcəklərsə, onda Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılması mümkündür. Moskva buna razılığını verəcək və boşaldılan ilk torpaqlar İranla həmsərhəd bölgələr olacaq.

Əks təqdirdə Əhməd Davutolunun ermənilərə nə vəd edməsindən asılı olmayaraq nə Azərbaycanın torpaqları boşaldılasıdır, yəqin ki, heç nə də Türkiyə-Ermənistan sərhədləri açılasıdır. “Yəqin ki” sözünü ona görə işlədirik ki, burada da hər şey də olmasa, çox şey Rusiyanın nə fikirləşdiyinə bağlıdır. Daha doğrusu, təkcə Rusiyanın deyil, həm də Azərbaycanın.


Teqlər:  





Xəbər lenti