Millət vəkili gənclərin kitab arzularını reallaşdırdı
Naqif Həmzəyev “Facebook”sosial şəbəkəsində özünün profil hesabında gənclərə müraciət edərək yazıb: “Dəyərli dostlar, əziz gənclər və Gəncə şəhərində təhsil alan tələbələr! Son zamanlar kitab oxumağa artan marağınızı nəzərə alaraq, sevdiyiniz 100 kitabı sizə hədiyyə etmək istəyirəm. Ən çox sevdiyiniz və Gəncə şəhərində sizin üçün satın ala biləcəyim kitabların adlarını şərh bölümündə qeyd edin, ən qısa zamanda və böyük fəxarət hissi ilə oxumaq istədiyiniz kitabı sizə şəxsən hədiyyə edəcəyəm. Lakin, kiçik bir şərtim var. Hədiyyə etdiyim kitabdan öyrəndiklərinizi "Kitab Klubu"nda birlikdə müzakirə edəcəyik!”
Milli Məclisin deputatının bu təşəbbüsü gənclər tərəfindən böyük maraqla qarşılanıb. Şərh bölməsində gənclər sevdikləri yazıçıların əsərlərin, arzusunda olduqları kitabların adlarını yazıblar.
Kitab oxumaq istəyən gənclərlə görüşü zamanı millət vəkili Naqif Həmzəyev onların istəklərinə uyğun kitabları mütaliə həvəskarlarına təqdim edib. O, bildirib ki, nadir halda insanların əlində kitab görmək olur. Əslində hamı kitab oxumağının nə qədər lazımlı olduğunu, mütaliə ilə məşğul olmağın insanın dünyagörüşünün artmasında, yüksək intellektə malik olmasında, müstəsna əhəmiyyət kəsb etdiyini bilir. Lakin son illər bu sahədə durğunluq yaranıb. Təəssüf ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bugünkü gənclərimiz bəzən vaxtlarını müxtəlif sosial şəbəkələrdə, sözün həqiqi mənasında, səmərəsiz keçirməklə məşğul olurlar. Əslində isə həmin vaxtı onlar daha maraqlı bir işə sərf edə - əllərinə kitab alıb oxuya və ya mütaliə etdiyi hər hansı bir əsəri öz yoldaşları ilə müzakirə edə bilərlər. Doğrudur, ildən-ilə təkmilləşən informasiya vasitələrindən istifadə məlumatlanmaq imkanlarını genişləndirir. Lakin mütaliə özünüinkişaf üçün ən səmərəli vərdişdir. Kitab oxumağı, mütaliəni vərdişə çevirməyə çalışmalıyıq. Kitabın təbliği istiqamətində yeniyetmə və gənclərə nümunə, eyni zamanda dəstək olmalıyıq.
Kitabları alan gənclər hədiyyədən məmnun qaldıqlarını, bu kitabların şəxsi kitabxanalarını bəzəyəcəyini bildiriblər. Şəxsi kitabxanaları olmayan gənclər isə millər vəkili Naqif Həmzəyevin hədiyyə etdiyi kitabların onlara şəxsi kitabxanalarını yaratmaqda stimul olacağını bildiriblər.
Daha sonra gənclər qərara alıblar ki, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin “Kitab Klub”unda bir araya gəlib, hədiyyə aldıqları kitabları müzakirə etsinlər.
Teqlər: NaqifHəmzəyev Kitab