Müəllim və məktəb direktorlarına xəbərdarlıq edildi

 Müəllim və məktəb direktorlarına xəbərdarlıq edildi
  15 Oktyabr 2019    Oxunub:2179
Fəaliyyəti uğurlu olan məktəblərin təlim-tərbiyəsi nəticəsində güclü intellektə, sağlam təfəkkürə, tərbiyəyə malik gənclər formalaşır. Biz buna sevinirik, amma bununla yanaşı biz müasir dövrün tələblərinə cavab verməyən, keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük.
Azvision.az xəbər verir ki, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, problemlərin həlli ilə bağlı məsələlərə köklü yanaşmağın yolları tapılmalıdır:

"Bu mənada direktorların qarşısında çox ciddi çağırışlar dayanır. Ola bilər ki, direktorlar bu il fəaliyyəti daha yaxşı təşkil edib, daha yaxşı nəticələr əldə etsinlər, amma bu problemə sistemli yanaşılmadıqda nəticə səmərəli olmayacaq".

Məktəbəhazırlıq səviyyəsini təhsilin əhəmiyyətli hissəsi sayan nazir müavini qeyd edib ki, hər bir məktəb hazırlıq qruplarına gedən uşaqların onun gələcək məzunu olacağını nəzərə alaraq, 5 yaşlı uşaqla fəaliyyətin səmərəli təşkil olunması barədə düşünməlidir: "Əmin deyilik ki, ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlər məktəbə hazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşürlər. Onlar sanki bu prosesdən kənarda qalıblar. Halbuki məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir. Bu məsələ bütün kollektivin diqqətinə çatdırılmalıdır".

M.Vəliyeva əlavə edib ki, bu il ölkə üzrə 5 yaşlı uşaqların 84,62 faizi məktəbə hazırlıq təhsilinə cəlb olunub. Bunu kifayət qədər yaxşı göstərici saymaq olar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Müəllim  





Xəbər lenti