Konqresin “erməni xəstəliyi” niyə indi baş qaldırdı? – TƏHLİL

   Konqresin “erməni xəstəliyi” niyə indi baş qaldırdı? –    TƏHLİL
  31 Oktyabr 2019    Oxunub:5763
ABŞ Konqresinin Nümayəndələr Palatası 1915-ci ilun uydurma “erməni soyqırımı”na dair qətnamə qəbul etdi. Bunun Türkiyə Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü günü edilməsi xüsusilə diqqəti çəkir. Demokratların nəzarətində olan Nümayəndələr Palatasında qətnamə 11 səsə qarşı 405 səs çoxluğu ilə qəbul edilib. Bununla da ilk dəfə olaraq ali qanunverici orqanın bir qanadı 1915-1923-cü il hadisələrinin soyqırım olduğunu təsbit etdi.
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bunun Türkiyənin Suriyadakı "Barış pınarı" əməliyyatı ilə bağlı olduğunu düşünür. O, Türkiyə xalqı və hökumətinin tarixi siyasətə alət etmək istəyənlərin bu utancverici qərarını heç saydıqlarını bəyan edib. Türkiyənin baş diplomatı öz Twitter hesabından olayı dəyərləndirərək, yazıb ki, “Projeləri iflasa uğrayanlar rəflərdəki köhnə layihələrə sarıldılar. Bizdən bu yolla intiqam almağa çalışanlar yanılırlar”.

Bəs Nümayəndələr Palatasının qəbul etdiyi layihə özündə hansı müddəaları ehtiva edir?!
1) Uydurma "erməni soyqırımı"nın rəsmi mərasimlərlə yad edilməsi;
2) ABŞ hökumətinin saxta "erməni soyqırımı", yaxud, digər soyqırımları inkar etməyə yönəlmiş cəhdlərlə əlaqələndirilməsinin rədd olunması;
3) Saxta "erməni soyqırımı"nın təhsil proqramlarına daxil edilməsi.

Bundan sonra qətnamə Senat tərəfindən də qəbul edilərsə və ABŞ prezidenti tərəfindən veto qoyulmayaraq, imzalanarsa, qanun hökmünü alması mümkündür. Lakin ABŞ prezidentinin veto haqqı olsa da, Konqresin hər iki qanadının 2/3 səs çoxluğu ilə (super-majority) qəbul etdiyi qətnamələrin vetoya məruz qalmadan prezidentin vetosunu puç edən (veto-proof) qanun hökmü alması imkanları mövcuddur. Bu səbəbdən, 435 üzvü olan Nümayəndələr Palatasında minimum 290 səs, 100 nəfərlik Senatda isə ən əzı 67 səs alan qanun layihələri “super çoxluq”la qəbul edilmiş qərarlar proseduruna uyğun olaraq, prezidentin masasına getsə də, veto-proof kateqoriyasındandır. Prezident 10 gün ərzində onu imzalayaraq, qanuni qüvvəyə mindirməli, ya da veto qoymalıdır. Əgər prezident 2/3 səs çoxluğu ilə qəbul edilmiş qanun layihələrinə veto qoyarsa, Konqres yenidən toplanır və layihə yenidən səsə qoyulur. Əgər bu dəfə də 2/3 səs çoxluğu ilə qəbul edilərsə, bu zaman prezidentin imzasına ehtiyac qalmır və qətnamə qanuni qüvvəyə minmiş sayılır.

Hazırda Senatın respublikaçılardan ibarət çoxluğun nəzarətində olduğunu nəzərə alsaq, vəziyyətin fərqli olacağı ehtimal edilə bilər. Təəssüf və təəccüb doğuran hallardan biri odur ki, 4 nəfəri çıxmaqla, hətta Türkiyə ilə dostluq qrupunun üzvləri və həmsədrləri də qardaş dövlətin əleyhinə səs veriblər. Nümayəndələr Palatasının qəbul etdiyi və Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan PACT (Protect Against Conflict by Turkey Act) Suriyanın şimalında aparılmış "Barış pınarı" əməliyyatı ilə əlaqəsi olan türk səlahiyyətlilərinə və müdafiə sənayesi sahəsi ilə əməkdaşlıq edən banklara qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutur. Türkiyənin Rusiyadan aldığı S-400 məsələsi də, təbii ki, xatırlanır. Layihə qanun hökmünü alarsa, Suriyada hərbi əməliyyatlar aparan Türkiyə hərbçilərinə bundan sonra Amerika mənşəli silahların verilməsi qadağan ediləcək və Türkiyəyə qarşı 30 gün müddətində CAATSA qanunu tətbiq olunmağa başlayacaq.

Saxta "erməni soyqırımı" iddiaları ilə bağlı Konqresin Nümayəndələr Palatasında 1975 və 1984-cü illərdə də oxşar qanun layihələri qəbul edilmiş, ancaq Senat tərəfindən təsdiqlənməmişdi. Bu hadisə şübhəsiz, ABŞ-Türkiyə münasibətlərinə ciddi təsir göstərəcək. Lakin bununla Türkiyə nəinki Suriyadakı qətiyyətini azaldacaq, əksinə, Rusiya, Çin, İran kimi ABŞ-ın ənənəvi rəqib saydığı ölkələrlə daha da yaxınlaşacaq. ABŞ-da bu məsələyə rəvac verən qüvvələr bununla həm NATO-da, həm də ümumilikdə Atlantizmdə geniş vüsət alan ziddiyyətləri daha da dərinləşdirərək, Türkiyəni Avrasiyaçılıq istiqamətində daha səylə irəliləməyə təhrik etmiş olacaqlar. Bununla yanaşı, həm Türkiyədə, həm ABŞ-da əksər müşahidəçilər sanksiyalara dair layihədən fərqli olaraq, saxta "soyqırım" layihəsinin asanlıqla qəbul edilməyəcəyi fikrindədirlər.

Noyabrın 13-də Vaşinqtonda Trampla və Ərdoğan arasında görüşün keçirilməsi gözlənilir. Bu həlledici görüş öncəsi belə bir təxribatçı sənədin qəbulu bir neçə məqsəd daşıya bilər. Lakin ən başlıcası Türkiyəni ABŞ qarşısında Suriya məsələsi və Rusiya ilə yaxınlaşma siyasətində güzəştlərə, geri çəkilməyə vadar etməkdir. Türkiyə son 30 ildə sıx diplomatik təmaslar və lobbiçilik sayəsində saxta soyqırım layihəsinin qanun hökmü almasına mane ola bilib. Yəqin ki, budəfəki şantaj xarakterli qanun layihəsinin də məqsədi, qeyd etdiyimiz kimi, Türkiyəni güzəştlərə vadar etməkdən ibarətdir.

Bu gün Avropa Parlamentinin də Türkiyəyə qarşı maliyyə sanksiyalarının tətbiqini müzakirə edəcəyi gözlənilir və ABŞ Konqresi ilə Avropa Parlamentinin Türkiyə əleyhinə fəaliyyətlərinin eyni dövrə təsadüf etməsi diqqətçəkən məqamdır. Bununla yanaşı, qeyd etdiyimiz kimi, Senatda respublikaçı çoxluğun mövcudluğu və qərar layihəsinin prezidentin veto hüququnu aşacaq səviyyədə olmaması erməni lobbisinin şansını azaldır. Qeyd etmək lazımdır ki, əksəriyyəti Demokrat partiyasının təmsilçilərindən ibarət olan Nümayəndələr Palatası bununla həm də prezident Trampa qarşı addım atmış oldu. Onun ikinci dönəm seçilməsinə əngəl yaratmaq planlarını sezməmək mümkün deyil. Senat və Nümayəndələr Palatasının daha çox CAATSA layihəsində həmrəylik göstərəcəyi inandırıcıdır.

Mövzu ata Buşdan etibarən hər ilin aprelində müxtəlif ifadələrlə ABŞ prezidentlərinin dilindən səslənirdi: “Böyük fəlakət”, “faciə” və s. Yeri gəlmişkən, “böyük fəlakət” (Mets Eghern) ifadəsini ABŞ prezidentlərinin leksikonuna hələ senator olduğu vaxtlarda saxta "erməni soyqırımı”nın tanınmasının tərəfdarı olan Obama gətirib. Lakin heç bir ABŞ prezidenti indiyədək “soyqırımı” ifadəsini işlətməyib, çünki soyqırımı - beynəlxalq cinayət əməlidir və onu törədən ölkəyə qarşı hüquqi məsuliyyət yaradır.

ABŞ-ın 50 ştatından 49-u saxta “soyqırımı” iddialarını tanıyıb, Konqresin qəbul etməsinin qarşısını isə bir qayda olaraq, Ağ Ev alıb. Hazırkı saxta iddianın qəbul edilməsinin əsas səbəbi, dediyimiz kimi, Türkiyənin ABŞ-ın Suriya planlarını pozmasıdır. Ankaraya qarşı sanksiyaların tətbiq ediləcəyi təqdirdə nəinki ABŞ, digər ölkələrin də Türkiyəyə silah satması qadağan olunacaq. Bundan başqa, Ərdoğanın sərvətinin araşdırılması, türk rəsmilərin vizalarının ləğvi və Amerikada olan bank hesablarının dondurulması nəzərdə tutulur. Türkiyə əleyhinə sanksiyaları nəzərdə tutan qanun qəbul edilərsə, Ərdoğan ailəsinin sərvətinin, biznes əlaqələrinin araşdırılması üçün Dövlət Departamentinin rəhbəri Pompeo, maliyyə naziri Mnyüçin və milli təhlükəsizlik müşaviri O' Brayndan ibarət komissiya qurulacaq.

Ermənistanın baş naziri Paşinyan bu "tarixi" qərarı alqışladığını bildirib. Bir müddət öncə saxta soyqırımı iddiaları ABŞ-da dərsliklərə də daxil edilmişdi. Bütün bunlar, əlbəttə ki, ilk növbədə siyasi maraqlardan irəli gəlir. Amerikalı professor Henri Barki vaxtilə "Vaşinqton post" qəzetində yazdığı məqalədə Konqressdə “erməni soyqırımı”nın tanınması məsələsi barədə qeyd edirdi ki, bunu dəstəkləyən konqresmenlər heç də mənəvi və insani prinsiplər barədə düşünmürlər, onlar sadəcə, yaxşı təşkil olunmuş erməni lobbisini öz tərəflərinə çəkmək məqsədi güdürlər. Çunki erməni diasporu zəngin təcrübə və maliyyə imkanlarına, o cümlədən, güclü əlaqələrə malikdir.

Nəzakət Məmmədova
Azvision.az üçün



Teqlər: ABŞ   Türkiyə   Erməni-soyqırımı  





Xəbər lenti