BDU-100: Universitetə etiraz edənlərin arqumentləri – TARİXİ ARAŞDIRMA

      BDU-100:  Universitetə etiraz edənlərin arqumentləri –    TARİXİ ARAŞDIRMA
  29 Dekabr 2019    Oxunub:8712
BDU-nun 100 illiyinə həsr edilmiş silsilə yazıların əvvəlki hissələri:
BDU necə yaradılmışdı: 100 il əvvəlki böyük hadisənin təfərrüatları – TARİXİ ARAŞDIRMA
BDU necə yaradılmışdı: İlk rektorunun xatirələri – TARİXİ ARAŞDIRMA
BDU-100: İlk dərslər necə keçmişdi – Razumovskinin xatirələri
BDU-100: Cümhuriyyət hökumətinin sənədləri nəyi göstərir? – TARİXİ ARAŞDIRMA

Milli mətbuatımızın incisi olan “Azərbaycan” öz səhifələrində BDU-nun yaradılmasını elə bir mükəmməlliklə şərh edir ki, bu gün – 100 il sonra da vərəqləyərkən, nə hər hansı bir arxiv sənədinə, nə də kiminsə xatirəsinə ehtiyac duyursan. Qəzet, bütün digər hadisələr kimi, Bakı Dövlət Universitetinin yaranması ilə bağlı baş verənləri də ən xırda detallarına qədər səhifələrinə köçürüb.

Universitet məsələsi cəmiyyət arasında heç də birmənalı qarşılanmırdı. Məsələn, Əməkçi Müsəlman Ziyalıları məclisində həmin ilin 9 iyulunda keçirilən iclasda universitet layihəsi məsələsi hərtərəfli müzakirə edilir. Uzun sürən mübahisə və debatlardan sonra məclisin qəbul etdiyi qərarda deyilirdi: “Azərbaycanın paytaxtında açılması layihələşdirilən universutetə etiraz əlaməti olaraq, aşağıdakıları bildiririk: Birincisi, rusdilli universitet hökmən ən intensiv ruslaşdırma fəaliyyəti ocağı olacaqdır və bu gün, açıldıqdan sonra da öz muxtariyyətinə söykənərək öz əlinin “Vahid Rusiya”nın sükançılarına uzadacaq, Krımda olduğu kimi. Buna görə də, çəkilən xərclər Azərbaycan gənclərinə ziyandan başqa heç bir ciddi fayda gətirməyəcək; ikincisi, rusdilli universitetin açılması ilə bütün milliləşdirilmiş məktəblər təbii olaraq bağlanacaq. Universitet türk dilində açılmalıdır və onun açılışı orta məktəblər bütünlüklə milliləşdirildikdən sonra baş tutmalıdır. Azərbaycan respublikasının tələbələri hələlik dövlət hesabına xarici universitetlərdə təhsil ala və professional fəaliyyətə hazırlaşa bilərlər”. (“Азербайджан”, 1919. № 144, cтр.3).

13 iyulda isə Parlament binasında müsəlman tələbələrin ikinci ümumi yığıncağı keçirilir. Qiyasbəyovun sədrliyi və Piri Mürsəlzadənin katibliyi ilə keçən yığıncaqda maarif naziri R.X.Kaplanov da iştirak edirdi. Həmin yığıncaqda Bakı universitetinin açılışı ilə bağlı müsəlman tələbələrin hökumət nümayəndələri və parlament fraksiyaları ilə danışıqlarının nəticələri və müsəlman tələbələrin hökumət hesabına xaricə göndərilməsi müzakirə olunur. Xalq təhsil naziri Bakıda Türk Azərbaycan Xalq universitetinin açılması ideyası haqda uzun-uzadı bir nitq söyləyir: “Baxmayaraq ki, başlanğıcda bu məsələ belə mürəkkəb bir şəkildə qoyulmamışdı, lakin indi onun ətrafında istər hökumətdə, istərsə də tələbələr arasında fikir ayrılıqları nəzərə çarpır. Təəssüflər olsun ki, məsələ elə bir dönüş nöqtəsinə çatmış və elə vəziyyət almışdır ki, bəziləri ona milli fəxarət nöqteyi-nəzərindən yanaşır. Belə halda etirazın yeri yoxdur. Universitet indi bizə məhz rus dilində lazımdır, çünki bizim onu açmaq və tədrisi türk və ya başqa dillərdə aparmaq imkanımız yoxdur. Bəziləri qorxur ki, açılacaq universitet denikinçilərin təbliğat ocağı olacaq, orada mühazirələri kadetçi və s. professorlar oxuyacaqdır. Bu, qismən belədir və ya belə ola bilər. Lakin mən ümid edirəm ki, bizim tələbələrimiz çar rejiminin ruslaşma siyasətinin təsiri altına düşməyəcək və xüsusilə indi onlara tabe olmayacaq və professorların kənardakı bütün fəaliyyətlərini universitet daxilində sayıqlıqla müşahidə edəcək, onların təbliğat aparmalarına imkan verilməyəcəklər.

Sonda nazir müsəlman tələbələrə Universitetin açılışı məsələsində də heç bir şovinist təsirlərə düşmədən, özlərini tamamilə aydın düşüncə və anlayış tərəfdən yaxşı göstərəcəklərini və ali məktəbin açılışı kimi bu ağır bir işdə hökumətin tərəfində olacaqlarını arzulayır. Tələbə gənclərlə görüşdən razılığını bildirərək, onlara uğurlar arzulayan nazir yığıncağı tərk edir.

Nazirdən sonra Komitə sədri Z.Pepinov məruzə edir. Onun məruzəsindən aydın olur ki, universitetlə bağlı hökumətlə fərqli baxışlara malik olan fraksiyasının fikrini bildirmək imkanı yoxdur. “Müsavat” partiyasının bir hissəsi və sosialistlər universitetin lehinədir. “Əhrar”, “İttihad” və bitərəflərə gəldikdə isə, onlar tamamilə və yekdilliklə universitetin açılmasının əleyninədirlər. Parlament sədri öz fikrini belə bildirdi ki, məlum cərəyanlar və axınlardan olan müxalifətin güclü etirazlarına baxmayaraq, Universitetin açılması layihəsi hüquqi təşkilatdan – Parlamentdən keçəcəkdir.

Beləliklə, çox möhkəm olmasa da, Universitetin açılmasına imkan vardır. Məruzədən sonra açıq müzakirələr başlayır və bütün çıxış edən tələbələr universitetin açılışının əleyhinə danışırlar. Ə.H.Qarayevin yığıncağa gəlməsi və nitqindən sonra müzakirə daha da qızışır. O, insanları tərbiyələndirən imperialist ruhlu professorların əllərini öpməyə hazır olduğunu deyəndən sonra yığıncaqda səs-küy qopur və gülüş sədaları qalxır.

P.K.Həsənovun universitetin xüsusilə tarix-filologiya fakültəsinin əleyhinə olan nitqi də gərginlik yaradır. Uzun və gərgin müzakirələrdən sonra iki qətnamə qəbul edilir – birincisi, Əli Yusif Vəkilovun 05 iyul tarixli yığıncaqda qərarlaşdırılmış və müsəlman tələbələrin xaricə göndərilməsi tələb edilən qətnamə; ikincisi, Qarayev və Hacıyevin hazırkı tədris ilində Universitetin açılmasının lehinə. Bundan sonra üçüncü bir qətnamə də Nərimanovdan gəlir. Burada Azərbaycan müsəlman tələbələrin qurultayının çağırılması tələb edilirdi ki, məqsəd Bakı tələbələrinin məsuliyyətdən qorunması idi. Bütün qətnamələr səsə qoyulur. Birincidə səslər bərabər olur 21:21; ikincidə isə 24-ə qarşı 23.

Beləliklə, Qarayevin qətnaməsi 1 səs üstünlüklə qalib gəlir. Yerbəyerdən isə “doğru deyil” səsləri ucalır və səslərin yenidən sayılmasını tələb edirlər. Məlum olur ki, bir nəfər azərbaycanlı olmayan tələbə səs verib və onu hesaba almırlar. Beləliklə, bərabər səslə qalan nəticələrə görə məsələ bir tərəfdən həll olunmur, digər tərəfdən isə açıq qalır. Nərimanovun qətnaməsi isə 9 səsə qarşı 11 səs alır.

Yığıncağın sonunda Gəncədən olan bir tələbə bildirir ki, universitetin açılması kimi Azərbaycanın bütün tələbələrinə aid olan vacib bir məsələni təkcə bakılı tələbələr həll edə bilməzlər. Bu baxımdan Azərbaycan müsəlman tələbələrinin qurultayı çağırılmalıdır. (“Азербайджан”, 1919. № 147, cтр.3).

* * * * *

Qeyd etdiyimiz kimi, Bakı Universitetilə bağlı bu sonsuz sayda yazıların arasında Məhəmməd ağa Şahtaxtinskinin də gözəl bir yazısı dərc olunur: “Məlum olduğu kimi, bu günlərdə Xalq Maarif Nazirliyinin Bakı Universiteti haqqında qanun layihəsi Nazirlər Şurası tərəfindən bəyənilmiş və Parlamentin rüsxətinə verilmişdir. İndi xalqın nümayəndələrinin məsələnin qəti şəkilldə həllilə bağlı öz iradəsini bildirməsi qalır: universitet olsun, yaxud olmasın?

Bakı Universitetinin yaranması ətrafında danışıqlara başlanmasından, hətta parlament binasında universitet komissiyasının fəaliyyətə başlamasından heç də az vaxt keçməyib. Və bütün bu ərəfədə Azərbaycan cəmiyyətində universitetin yaranması fikri rəğbətlə qarşılanıb. Başqa cür ola da bilməzdi. Öz doğma ocağında universitetin olmaması ilə xalqın əqli tələbatının təbii bir şəkildə təminatı mümkün deyil və faydasızdır, necə ki, siyasi həyatın ehtiyaclarının ödənilməsi Parlamentsiz mümkün deyil. Universitet - əqli həyatın parlamentidir. Parlament isə siyasi Universitetdir. Hər ikisi lazımdır: dövlət xalqın əqli və siyasi həyatı üçün tələb olunanı öz sərəncamında saxlaya bilsin deyə.

Lakin son vaxtlar Bakıda Universitetin bağlanması ilə bağlı mənfi fikirlər yayılmaqdadır. Nədən Universitet məsələsinə sonradan belə hücuma keçdilər məsələsinə toxunmadan, bu hücumlar nədən qaynaqlanır və onlar nə qədər əsaslıdır məsələsinə baxaq.

Deyirlər ki, universitet rus universiteti olacaq, Rusiyaya münasibətdə məcburi olaraq siyasi asılılığı müdafiə edəcək və rus imperialistləri ilə əlaqəyə girib, bizi yenidən öz tabeçiliklərinə salacaq. Bir sözlə, onların ifadə etdikləri kimi, rus universiteti Rusiya imperiyasının xeyrinə Azərbaycan Respublikasının Denikin dəstəsi tərəfindən məğlub edilməsində rol oynayacaq.

Hər şeydən əvvəl, hər bir universitet elmi mənbədir, xalqların əsarət altına alınmasına xidmət göstərmir, əksinə, onu siyasi köləlikdən azad edir. Professorların təmsil etdikləri elm azadfikirlilik olmadan ağlasığmazdır. Elmi fikirdə azadlıq siyasi azadlığı da qaçılmaz edir.

Nyutonları və kantları Avropada azad elmi və fəlsəfi fikirlər yaratmışdır ki, təbii olaraq, bu da böyük fransız və son rus inqilablarının siyasi azadlığına gətirib çıxardı. Bunu rus derjavası əla bilirdi. Elə ona görə də yerli əhalinin uzunmüddətli müraciətlərinə baxmayaraq, Qafqaza universitet vermədi. Necə ola bilər ki, universitet bir elmi müəssisə kimi siyasi təbliğatla məşğul olsun? Bir halda ki, onun professor heyətinin 95%-i siyasətə aidiyyəti olmayan fənlərdən mühazirə oxuyur?!

Deyirlər ki, Krım Universitetində Rusiyaya meyllər müdafiə olunub. Universitet deyil, onun rus tələbələri Rusiyaya meyl edirdilər. Onlar hər hansı bir işlə də məşğul olsaydılar, yenə bu cür davranardılar. Burada Universitet günahkar deyil! Hakim xalqlar belə vəziyyəti zərərsizləşdirə bilər - elm məbədindən yabanı şəkildə imtina etmədən, özlərinin ölkədəki böyük üstünlüklərinə söykənərək...

Deyirlər ki, universitetdə mühazirələr rus dilində oxunacaq. İndi Azərbaycan gimnaziyası milliləşdirilir. Gimnazistlər biləndə ki, universitetdə onlar mühazirələrə rus dilində qulaq asacaqlar, onda gimnaziyada türk dilində kurslar keçməkdən imtina edəcəklər və bu zaman hökumətin milliləşdirilmiş türk məktəbləri islahatı iflasa uğrayacaq.

Burada açıq-aşkar anlaşılmazlıq var. Professorların deyil, tələbələrin türk dilində bilməməsi onun universitetdəki tədrisdən istifadəsini mənasız edir. Milliləşdirilmiş gimnaziya universitetə türk dilində kurs keçmiş kifayət qədər tələbə göndərdiyi zaman professorların mühazirəsini hər iki dili yaxşı bilən tələbələr tərəfindən rus dilindən türk dilinə çevirmək qədər asan bir şey olmayacaq. İndi İstanbulda türk universitetinin kafedralarında türk dilini bilməyən alman professorlar işləyir. Professor öz (alman) dilində mühazirə oxuyur və bir nəfər onu cümlə-cümlə türk dilinə tərcümə edir. Belə bir ikili dil, şübhəsiz tələbələrin dil bilgisinə fayda gətirəcək, bundan fənnin aydın izahı heç bir zərər görməyəcək. Bunu Azərbaycan Parlamentinin təcrübəsində də görmək olar. Burada hər bir xəbər cümlə-cümlə azərbaycan dilinə tərcümə olunur.

Universitet açıldığı zaman mühazirələri türk dilində oxumaq olardı, əgər tələbələrin üçdə bir hissəsi bunu istəsəydi.

Nəhayət, milliləşdirilmiş məktəblərdən universitetə tələbələr gələnə qədər rus professorlar yəqin ki, bizim dilimizi yaxşı öyrənib, öz mühazirələrini türk dilində oxuya biləcəklər. Məşhur türk-alman xadimi fon der Qolts İstanbula ilk gəldiyi zaman türk dilini elə gözəl mənimsəmişdi ki, növbəti il o, Ali Türk Hərbi Uçilişində öz strategiyalar barədə mühazirəsini türk dilində oxudu.

Beləliklə, xalqımızın elmi dəyərlərə olan həyati tələbatı bu gün yalnız rus professorlarında ibarət universitet vasitəsilə təmin edilə bilər. Lakin bu Universitet açıldığı zaman auditoriyalarda dilimizin rus dili ilə yanaşı işləməsinə mane olmayacaq və yavaş-yavaş hadisələrin təbii axarı onu sıxışdıraraq, aradan çıxaracaq, Azərbaycan xalqının həyatın bütün sahələrindəki fikir və hisslərini vahid və bölünməz edəcəkdir.

Təklif edirlər ki, universitetdən imtina edib, dövlət xəzinəsi hesabına gənclər Avropanın müxtəlif ölkələrinə, müxtəlif növ texniki və ali təhsil almağa göndərilsin. Hazırkı şəraitdə bizim valyuta ilə bir gəncin Paris və ya Londonda saxlanması xəzinəyə baha başa gələr, nəinki Bakı Universitetində dərs verən professora verilən muzd. Bununla belə, professor onlarla tələbəyə ali elmi təhsil verəcəkdir. Başlıcası isə bizim universitetdə dərs deyən professor ölkəmizdə elmi yayacaq, sivilizasiyadan uzaq və mədəni cəhətdən fərqli bir xalqa ali insani fayda gətirəcəkdir.

Sərbəst Avropa həyatına adət etməmiş, Avropa dillərindən birini də olsun bilməyən gənc müsəlman, heç bir tutunacaq səbəbi olmadan Avropa mərkəzlərinin cazibəsiylə üz-üzə qalacaq. Bəlkə də o, bizə oradan hansısa bir diplom gətirəcək. Lakin bilmək lazımdır ki, Avropa qəzetlərində hər hansı bir universitet və ya ali məktəbin diplomlarını hansı qiymətə almağın mümkünlüyü açıq-aşkar elan olunur. Nəhayət, müsəlman həyatından qoparaq hansı hiss və əxlaqla Avropa ölkəsinə səyahət edən silindirli dərvişi təmsil edəcək. Qoy, müsəlman cəmiyyəti və onun Parlamenti başda olmaqla, özlərini aldatmasınlar.

Ali Avropa elmlərinin bütün tələblərinə cavab verən universitetin təsis olunması teokratik müsəlman xalqı arasında şübhəsiz ki, dünya əhəmiyyətli mütərəqqi bir hadisədir. (“Азербайджан”, 1919. № 151, cтр.6).

* * * * *


Universitetin yaradılması üçün elm nümayəndələri, Xalq Təhsil nazirliyi, şəhər özünüidarəsi və neft sənayesi sahiblərindən ibarət universitet komissiyası formalaşdırılır, universitetə 3 il müddətinə ilk rektor və dekanlar dəvət edilir. Dəvət olunmuş vəzifəli şəxslər (rektor və dekanlar) həm də uyğun ixtisaslar üzrə universitet kafedralarının professorları idilər. Azərbaycan hökuməti həmin şəxsləri vəzifəyə təsdiq etdikdən sonra onlar Xalq təhsil nazirliyinin nümayəndələrinin iştirakı ilə ali təhsil müəssisələrinin professorlarından universitetə əlavə 12 professor dəvət edir, bundan başqa şura katibi və təsərrüfat müdiri təyin edirlər.

Nazirlik uyğun gördüyü təqdirdə unuversitetdə yeni kafedraların açılması da istisna edilmirdi. Təşkil edilən ilk professorlar şurası, idarə heyəti və muxtariyyət əsaslı fakultələr kollegiyaya təqdim olunur.

Universitetə Bakı şəhərində olan xəstəxana materiallarından klinik istifadəyə icazə verilir. Universitet ilə xəstəxanaların tabeçiliyində olduqları idarələr arasında əlaqələrin işlənib hazırlanması hər iki tərəfin nümayəndələrindən ibarət təşkil edilmiş birgə komissiyaya tapşırılır.

Dövlət xəzinəsindən universitetin təşkili, qurulması və təchizatı üçün 1919-20-ci tədris ili üçün birdəfəlik 5 milyon rubl ayırılır. Bundan başqa, ilk mərhələdə şəxsi heyət, tədris hissəsi və təsərrüfat xərcləri üçün əlavə edilən ştat və smeta ilə birlikdə 1085750 rubl, növbəti illərdə isə smeta əsasında müəyyən edlmiş illik xərclər üçün tələb olunan miqdarda vəsait buraxılması nəzərdə tutulur. Universitet üçün təyin olunmuş vəsaitdən yaranmış qalıq isə Dövlət xəzinəsinin ehtiyatına yönəldilir.

Bakı Universitetinin işçi heyətinin məvacibləri Bakı şəhərinin dövlət qulluğunda çalışanların əmək haqqına uyğunlaşdırılır və əmək haqqı artımları da eyni qayda ilə həyata keçirilirdi. Bundan başqa, vəzifəli şəxslərin (rektor, şura katibi, təsərrüfat müdiri və s.) mənzil məsələsi alınmadıqda, onlara əmək haqqının ¼ misli həcmində kirayə pulu ödənilir.

Zaqafqaziya və digər universitetlərin tələbə və müdavimlərinin qanunla müəyyən edilmiş qaydada əlavə imtahanlar vermək yoluyla Bakı universitetinin müvafiq kurslarına köçürülməsi ilə bağlı universitetə hüquq tanınırdı. Bu güzəştlər universitet şurası tərəfindən 3 il müddətində yenidən daxil olan bütün şəxslərə şamil olunurdu. Yeni tələbələrin qəbulu ümumi əsaslarla aparılır və hər iki cinsdən (qadın və kişi) olanlar qəbul edilirdi. Bakı universitetinə qəbulda üstünlük hüququ Azərbaycan vətəndaşlarına verilirdi.

Qanunun 9-cu maddəsində qeyd olunurdu ki, Bakı Universitetinin istər tədris xidməti vəzifələrinə, istərsə də təsərrüfat hissəsi xidmətinə müvafiq vəzifələrə kişi cinsindən olanlardan tələb olunan şərtlər və hüquqlar əsasında qadınlar da cəlb oluna bilər.

Beləliklə, 1 sentyabr 1919-cu ildən etibarən Bakı şəhərində Dövlət universitetinin açılması qət edilir.

8 sentyabrda isə “Bakı Dövlət Universitetinin rektor və dekanlarının təsdiq edilməsi” barədə qərar qəbul edilir: Universitet komissiyası tərəfindən seçilmiş operativ cərrahiyyə kafedrasının professoru V.İ.Razumovski və pataloji anatomiya kafedrasının professoru İ.İ.Şirokoqorov təsdiq edilsin: birincisi – rektor, ikincisi isə - Bakı Dövlət Universitetinin tibb fakultəsinin dekanı. Həmin komissiya tərəfindən seçilmiş fakultə klinik-müalicə kafedrasının professoru A.M.Levin və ümumi tarix kafedrasının professoru N.A.Dubrovskiyə dekan vəzifəsinin icrasına icazə verilsin; birinciyə - tibb fakultəsinin, ikinciyə isə - tarix – filologiya. *(ARDA f. 51, siy.2, s.v. 4, səh. 83).

Qanun qüvvəyə mindikdən sonra artıq 10 sentyabrda Universitetin rektoru, əməkdar professor V.İ.Razumovski, tibb fakultəsinin icraçı dekanı, əməkdar professor A.M.Levin. tarix-filologiya fakultəsinin icraçı dekanı, dosent N.A.Dubrovskiy və Xalq Təhsil Nazirliyinin nümayəndəsi M.A.Şahtaxtinskinin iştirakı ilə müşavirə keçirilir. Müşavirədə qanunun 3-cü maddəsinin tələblərinin ödənilməsi məsələsi müzakirə olunur və İ.İ.Babuşkin yekdilliklə universitet şurasının katibi, L.A.Vosnesenski isə təsərrüfat müdiri vəzifəsinə təsdiq edilirlər.

Həmin maddə üzrə müzakirə olunan növbəti məsələ isə Universitetə ilk professor heyətinin dəfət edilməsi olur. Rektor və tibb fakultəsinin dekanının təklifilə aşağıdakıların dəvət olunması nəzərdə tutulur:

1) Zaqafqaziya universitetinin professoru, görkəmli alim, təcrübəli cərrah, professor Oşman tibb fakultəsinin klinik cərrahiyyə kafedrasına;
2) Moskva universitetinin keçmiş baş assisenti, sonra isə Yekaterinoslav universitetinin professoru, çox sayda elmi işləri olan Qolovinski fakultənin farmokologiya kafedrasına.
3) Qərara alınır ki, Oşman teleqraf, Qolovinski isə məktub vasitəsilə təcili olaraq Bakıya gəlmələri barədə məlumatlandırılsın.

Tarix-filologiya fakultəsinin icraçı dekanı N.A.Dubrobski isə fakultəyə professor rütbəsi olan iki nəfəri: elmi işləri olan və çoxlu mütəxəssislərin diqqətini cəlb etmiş professor N.Q.Qorodenskini fəlsəfə kafedrasına; Ekaterinoslav universitetinin professoru, professor Foxtı isə Qərbi Avropa ədəbiyyatı kafedrasına dəvət etməyi təklif edir və təklif qəbul olunur. Qərara alınır ki, digər professorlarında dəvət edilməsi üçün universitetin rektoru və tarix-filologiya fakultəsinin dekanının şəxsində işçi qrup Rostov, Ekaterinoslav, Xarkov və Rusiyanın digər şəhərlərinə ezam edilsin. Bundan başqa rektor hər iki fakultədə tədrisin təşkil olunması məqsədilə Təhsil nazirliyinin icazəsi ilə əlavə olaraq bir neçə dosent, assistent, prozektor və s. şəxslərin dəvət olunmasının vacibliyini irəli sürür. Bu təklif əsasında tibb fakultəsinə:
1. Kimya tədrisi üçün dosent L.Q.Qurviç;
2. Fakultə klinikası kafedrası üzrə klinik – assistent işinin təşkil olunması üçün həkim A.N.Prokofyev – Çexovski;
3. Anatomiya kafedrasının prozektoru vəzifəsinə D.B.Urusov;
4. Anatomiya kafedrasına kiçik assistent vəzifəsinə həkim Zamuxovski;
5. Anatomiya kafedrasına Zaqafqaziya universitetinin keçmiş preparatçısı A.A.Juravskayanı, ona ayda 2000 rub.məvacib ödəmək şərtilə preparator vəzifəsinə;
6. Zaqafqaziya universitetinin operativ cərrahiyyə kafedrasının böyük assistenti, həkim A.Y.Vartanovu eyniadlı kafedraya kiçik assistent təyin edilirlər.

Tarix-filologiya fakultəsinə təyin edilənlər isə bunlar idi:
1. Lvov universitetinin fəlsəfə doktoru, Zaqafqaziya universiteti klassik filologiya fakultəsinin dosenti L.Q.Lopatinski;
2. Türk dili kafedrasına dosent vəzifəsinə şərqşünaslıq sahəsində xeyli işləmiş, şərqşünas M.A. Şahtaxtinski;
3. Fəlsəfə kafedrasına dosent vəzifəsinə Zaqafqaziya universitetinin dosenti A.B.Selixanoviç;
4. Xarkov universitetinin privat – dosenti, Zaqafqaziya universitetinin rus dili və ədəbiyyatı kafedrasının dosenti P.O.Pilaşevski eyniadlı kafedraya dosent;
5. Privat – dosent və Zaqafqaziya universitetinin ümumi tarix kafedrasının dosenti L.A.İşkov eyni adlı kafedraya dosent;
6. Petroqrad universitetinin şərq müsəlman tarixi üzrə ixtisaslaşmış maqistrantı,bu ixtisas üzrə çoxlu dəyərli işlərin müəllifi L.A.Zimin müsəlman şərqinin tarixi kafedrasına dosent;
7. Zaqafqaziya universitetinin slavyan filologiyası kafedrasının müəllimi M.V.Belyayev eyni adlı kafedraya 6 mühazirə saatına ildə 48 000 rub. əmək haqqı odənilməklə dosent vəzifəsinə.
Vəzifələndirilmə qəti şəkildə təsdiqləndikdən sonra Universitet şurası və fakultələrin təşkil olunması məsələsinin həmin il, 10 oktyabrdan gec olmayaraq təşkil edilməsi qərara alınır.

Bundan sonra universitetə kitabxanaçı, mühasib və s. şəxslərin dəvət olunması müzakirə edilir və qərara alınır ki, bu şəxslərin dəvət olunması Universitetin rektor, dekanlar və şura katibindən ibarət təşkil edilmiş müvəqqəti idarəsinə tapşırılsın və dərhal Xalq Maarif Nazirliyi qarşısında Universitetin təşkili, qurulması və təchizatı məsələləri ilə bağlı bu vaxta qədər Universitet Komissiyasının rəhbərlik etdiyi bütün işlər göstərilən tərkibdəki İdarəyə həvalə edilsin.

Müzakirə olunan məsələlər sırasında universitetə daxil olanların möhlət vaxtının uzadılması, həmçinin, daha aktual olan bir məsələ - xidməti heyətin mənzil təminatının həll edilməsi də vardı. Bu sahədəki çatışmazlığın universitetin fəaliyyətinə verəcəyi zərərləri göz önündə tutaraq maarif naziri qarşısında məsələnin təxirəsalınmaz həlli ilə bağlı təcili məsələ qaldırılması qərara alınınr və M.A.Şahtaxtinskiyə tapşırılır ki, lazım gələrsə, Universiteti mənzil məsələləri üzrə İdarələrarası Komissiyada təmsil etsin.

Sonuncu müzakirə olunan məsələ isə rektor və tarix – filologiya fakultəsi dekanının professorları dəvət etmək üçün çıxacaqları səfərin xərclərinin ödənilməsi idi. Bu məqsədlə adıçəkilən şəxslərə lazımi miqdarda avans verilməsi və Xalq Maarif Nazirliyi tərəfindən müəyyən edilmiş bu məsarifin faktiki yol xərcləri dəyərində hesablanması qərarlaşdırılır. (ARDA f.51, siy. 6, s.v. 1, səh.1-3).



Yeganə Kamal Cabbarlı

Azvision.az üçün



Teqlər:





Xəbər lenti