Elis Manolova gümüş, Tatyana bürünc medal qazandı
Tatyana Varansova ilk görüşdə İspaniya təmsilçisiylə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq 1/8 finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb. Rəqibin finala çıxması həmyerlimizə təsəlliverici görüşə çıxmaq şansı verib. Ancaq beşinci yarış günündə Rumıniya idmançısıyla baş tutan qarşılaşma da uğursuzluqla nəticələnib. Varansova hesabda 3:2 öndə olsa da, sonuncu dəqiqədə təşəbbüsü əəldən verərək məğlub olub.
Alyona Kolesnik ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşib. Kolesnik belaruslu həmkarına da məğlub olub.
Tatyana Omelçenko təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığma üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu Yuliya Tkaça məğlub olub. Omelçenko fevralın 14-də bürünc medal uğrunda güləşib və Belarus idmançısını üstələyərək 3-cü yerin sahibi olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb. Ancaq təmsilçimiz titulunu qoruya bilməyib. Bolqar rəqibinə uduzan Elis bu dəfə gümüş medalla kifayətlənib.
Beləliklə, yığmamız Avropa çempionatını bir gümüş və bir bürünc medalla başa vurub.
Azvision.az
Teqlər: Avropa-Çempionatı Yarış Güləş