Koronavirus: Bərk qaçan zəif qatil – İNFOQRAFİKA

      Koronavirus:    Bərk qaçan zəif qatil –    İNFOQRAFİKA
  28 Fevral 2020    Oxunub:27540
İlk dəfə 1960-cı ildə qeydə alınan koronavirusun Çinin Hubey əyalətinin Uxan şəhərində yenidən baş qaldırması bütün dünyanın gündəmini dəyişdi. Artıq milyonları təşvişə salan yeni koronovirus bizi də narahat etməyə başlayıb. Son günlər ətrafda maskalıların artması, sosial şəbəkələrdəki hay-küy belə deməyə əsas verir.
Virusla bağlı yayılan dünya xəbərlərini yaxından izləyənlər qonşu İranın karonavirus açıqlamasından sonra ciddi narahat olublar ki, bu da təbii haldır. Bununla yanaşı, bilib-bilmədən əsassız məlumatlar yayaraq, insanları məqsədli şəkildə qorxutmağa cəhd edənlər çoxalıb. Bəziləri bunu əyləncə, bir qismi isə sadəcə “layk” və ya qalmaqal xətrinə edirlər.

Bəs görəsən COVID-19 adı ilə də tanınan və sürətlə yayılmaqda olan bu yeni virus növü nə dərəcədə təhlükəlidir? Doğrudanmı, qorxmalıyıq?

Ağ ciyər xəstəliyinə səbəb ola bilən və müalicə edilməyəndə ağır nəfəs yolu çatışmazlığı sindromu kimi xəstəliklərə yol açan koronavirusa yoluxanların sayı son 1.5 ay ərzində təxminən 80980 nəfərə çatıb, bunun 78 mini Çinin payına düşür. Dünya Səhiyyə Təşkilatı (WHO) 2746 nəfərin öldüyünü açıqlayıb.



Koronovirusun yayılma sürətinin adi qripdən iki dəfə, 2003-cü ildə ortaya çıxan Kəskin Respirator Sindromu (SARS) ilə müqayisədə isə 6-7 dəfə çox olduğu qeydə alınıb. İnsanları təşvişə salan da elə rəqəmlərin belə yüksək olmasıdır.

Doğrudur, yayılma sürəti yüksəkdir. Lakin bu, o demək deyil ki, koronavirus bu günə qədər gəlmiş-keçmiş viruslardan daha təhlükəlidir. Başqa sözlə desək, yayılma sürəti yüksək olsa da, digər yoluxucu xəstəliklərdən daha qoxulu deyil, hətta əksinə.

Əlamətlərinə görə SARS-a bənzəyən koronavirusa yoluxan adam öskürərək, danışaraq, ya da nəfəs alıb-verərək mikrobları başqasına ötürə bilir. Qızılca virusu havada onlarla metr asılı qala bildiyi halda, koronavirus sadəcə iki metr məsafəyə yayılmağa qadirdir. Bu baxımdan müqayisə etsək, qızılca, quş qripi və vərəm kimi xəstəliklərə nisbətən yayılma riski daha aşağıdır. Araşdırmalara görə, Uhanda koronavirusa yoluxan hər 5 nəfər toxunduğu, ya da yaxınlıq etdiyi 368 nəfərə bu xəstəliyi keçirə bilib.



SARS virusuna yoluxan 10 nəfərdən biri ölürdü. Quş qripi, ebola, donuz qripi, su çiçəyi və MERS (Orta Şərq Respirator Sindromu) kimi digər yoluxucu xəstəliklərə tutulmuş insanların yüzdə 10-dan çoxu həyatını itirirdi. Bu göstəricilərlə müqayisə edildiyində də, koronovirusun 1.5 ilə 3 faiz arasında dəyişən öldürmə nisbəti daha aşağı səviyyədədir. Pasientlərin yalnız 20 faizində ağır respirator gedişat müşahidə olunub.

Ümumiyyətlə, qripə yoluxan hər 1000 nəfərdən biri ölür. Ölüm nisbəti 0.1 faiz olan mövsümi qrip milyonlarla insana yayılır və nəticədə hər il dünyada 400 000 nəfərin həyatına son qoyur. Təkcə Amerika Birləşmiş Ştatlarında ildə 35 min adam qripdən ölür. Müasir dövrümüzün ən kəskin yoluxucu xəstəliyi hesab edilən ispan qripinə 1918-9-cu illərdə təqribən 500 milyon insana yoluxmuş, onlardan 50 milyonu ölmüşdü.



Sual yarana bilər ki, koronovirus belə təhlükəsizdirsə, niyə bu qədər ölkə həyəcan içindədir?

Koronavirusun ən təhlükəli tərəfi onun inkubasiya dövrüdür. Bu dövr 2-14 gün arasında dəyişir. Bu isə yoluxma hallarının aşkarlanmasını olduqca çətinləşdirir və xəsətliyin yayılmasının qarşısını ala bilmək üçün risk daşıyan hər kəsin şübhəli bilinərək, karantinə alınmasını qaçılmaz edir. Halbuki, məsələn, SARS-ın inkubasiya dövrü 4-5 günlə məhdudlaşır. Xəstəliyin başqa insana keçə bilməsi üçün bu dövrün bitməsi lazımdır. Ancaq koronavirusda vəziyyət qarışıqdır. Yoluxmuş insan uzun çəkən inkubasiya dövrü ərzində xəstəliyi başqa birinə ötürə bilir.

Virusun qısa bir vaxtda 30-dan çox ölkəyə yayılma səbəblərindən biri də Uhanın tranzit nöqtəsi olmasıdır. Məlumatlara görə, bir ay içində Uhandan ABŞ-a 8 min, Taylanda 55 min, Yaponiyaya 23 min, Fransa, İtaliya və İngiltərəyə 20 min, Malayziya, Filippin, İndoneziya və Vyetnam kimi ölkələrə isə 50 mindən çox çinli hava yolları ilə səyahət edib. Təhlükəsizlik tədbirləri çərçivəsində uçuşlar müvəqqəti təxirə salınsa da, bu durum koronovirusun Çinin xaricində yayılmasını ən çox sürətləndirən faktorlardandır.

Həkimlər və elmi araşdırmaçılar koronovirusa qarşı peyvənd istehsalının ən azı bir il çəkəcəyini bildirirlər. Xatırladaq ki, 2003- cü ildə SARS virusu ortaya çıxanda peyvənd tədqiqatları 20 ay çəkmişdi. 2015-ci ildəki Zika virusu epidemiyası üçün vaksinin yaradılması həkimlərin 6 ayını almışdı. Odur ki, səbrli olaq və qorxmayaq!

Səbinə Həsənova
Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti