Avro-2020-nin tarixi dəyişdirildi

   Avro-2020-nin tarixi dəyişdirildi
  18 Mart 2020    Oxunub:2811
UEFA milli komandaların bu yay keçirilməli olan əsas turnirinin – Avro-2020-nin tarixinin dəyişdirilməsi – 2021-ci ilə keçirilməsi ilə əlaqədar qərar qəbul edib.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, qərar qəbul olunarkən oyun iştirakçılarının sağlamlığının prioritet məsələ olması və çempionatın təşkil olunacağı ölkələrdə dövlət orqanlarının üzərinə hər hansı əlavə təzyiqin düşməməsi nəzərə alınıb. Avro-2020-nin tarixinin dəyişdirilməsi COVİD-19 virusu ilə əlaqədar məcburi fasilə yaranmış ölkədaxili çempionatların yekunlaşdırılmasına şərait yaradacaq.

UEFA-nın bütün klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb. Avro-2020-yə vəsiqə uğrunda martın sonuna təyin olunmuş play-off oyunları mövcud situasiya dəyərləndirildikdən sonra bu ilin iyun ayındakı beynəlxalq oyun günlərində keçiriləcək.

Müvafiq qərarlar bu gün UEFA-nın prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış, UEFA-nın üzvü olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra UEFA İcraiyyə Komitəsi tərəfindən qəbul olunub.

Avro-2020 üçün yeni tarixlər 11 iyun – 11 iyul 2021-ci il təklif olunub. UEFA hazırda bilet sahibi olanlara və qonaqpərvərlik xidməti müştərilərinə 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə, biletlərin və qonaqpərvərlik xidməti paketlərinin nominal qiymətinin tam şəkildə ödəniləcəyinə zəmanət verir. Növbəti ay ərzində bu proses barədə elektron poçt və euro2020.com/tickets keçidi vasitəsilə əlavə məlumat veriləcək.

Klub və milli komandalar səviyyəsində kişilər və qadınlar arasında digər turnirlərin vaxtı elan olunacaq.

Azvision.az


Teqlər: UEFA   AFFA  





Xəbər lenti