Yığmamızın 2 üzvü karantinə alınıb

   Yığmamızın 2 üzvü karantinə alınıb
  28 Mart 2020    Oxunub:2665
Azərbaycan Voleybol Federasiyası (AVF) Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunan qərarına əsasən Azərbaycan çempionatları, ölkədə fəaliyyət göstərən voleybol üzrə bölmələr və klublarda məşqləri dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, AVF milli və klub oyunçularını da xüsusi diqqətdə saxlayır. Artıq Azərbaycan Super Liqasında və Yüksək Liqasında oynayan komandaların legionerlərinin təhlükəsizliyi nəzərə alınaraq, öz ölkələrinə yola salınıblar.

Uçuşların təxirə salınması səbəbindən “Azərreyl”də çıxış edən seneqallı Mbayang Seck, sloveniyalı Mojca Pene isə hazırda Bakıdadır. Hər iki oyunçuya komanda rəhbərliyi lazımı şəraiti yaradıb və uyğun zamanda onların ölkələrinə dönməsinə köməklik göstəriləcəyini bildirib.

Koronavirus pandemiyası səbəbindən ölkə xaricində çıxış edən Azərbaycan millisinin bəzi oyunçuları da artıq evlərinə dönüblər. “Al Nassr Saudi” klubunda çıxış edən Vüqar Bayramovla Andrey Vasilenko hələ də Bəhreyndədirlər və onlar çempionatın tam sona çatmasını gözləyirlər.

Dmitri Obodnikov Gürcüstana, Dmitri Baranov isə doğulduğu Rusiyaya qayıdıb. Kişilərdən ibarət milli komandamızın ölkəmizdə çıxış edən digər üzvləri isə Bakıdadırlar. Millimizin oyunçularının vəziyyəti yaxşıdır və milli komandanın həkimləri müntəzəm olaraq oyunçularla əlaqə saxlayırlar.

Qadınlardan ibarət milli komandamızın üzvü Yelizaveta Səmədova Rusiyanı tərk edərək, Bakıya qayıdıb və hazırda evindədir. İsraildə çıxış edən Yuliya Kərimova da artıq vətəndədir və o yeni qayıtdığından qaydalara uyğun olaraq karantindədir. Kristina Yaqubova, Anastasiya Qurbanova Rusiyada, Anastasiya Bessonova isə Ukraynada ailəsinin yanındadırlar.

Bununla belə, çıxış etdikləri ölkədə qalan voleybolçularımız da var. Ayşən Abduləzimova öz istəyi ilə Macarıstanda, Odina Əliyeva və millimizin sabiq üzvü Natalya Məmmədova, eləcə də gənc məşqçimiz Ziya Rəcəbov isə uçuşların dayandırılması ilə əlaqədar İndoneziyada qalıblar. Olena Həsənova hazırda Fransada, Polina Rəhimova isə Braziliyadadır.
Polşada çıxış edən hücumçumuz Marqarita Əzizova isə dünən xüsusi reyslə vətənə dönüb və karantinə alınıb. O, müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evinə yollanacaq.

Ölkəmizdə çıxış edən yığmamızın digər üzvləri isə hazırda Bakıda evlərindədirlər.
AVF-nin prezidenti Cavid Qurbanov, vitse-prezidenti Faiq Qarayev və baş katib Cəlil Cəfərov milli komandalarımızın hər bir oyunçusunu xüsusi diqqətdə saxlayır, həkimlərimizlə məsləhətləşmələr aparır və karantində olanlarla maraqlanırlar.

Azvision.az


Teqlər: Voleybol   Federasiya  





Xəbər lenti