UEFA: Azərbaycan futbol azarkeşlərinin üzünə təbəssüm gətirdi

   UEFA:    Azərbaycan futbol azarkeşlərinin üzünə təbəssüm gətirdi
  11 Aprel 2020    Oxunub:3332
Bu gün koronavirus pandemiyası (COVİD-19) dünyanın demək olar, bütün ölkələrində yayılıb. Məhz bu səbəbdən Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində əhalinin sağlamlığı, həmçinin sözü gedən virusun yayılmasının qarşısının alınması məqsədi ilə sosial özünütəcrid qaydaları tətbiq edilir. COVİD-19 insan sağlamlığı üçün real təhlükə olmaqla yanaşı, gətirdiyi məhdudiyyətlərlə başda iqtisadiyyat olmaqla, dünyada bir çox sahəyə ciddi ziyan vurub.
Azvision.az -ın məlumatına görə, koronavirus pandemiyasının ziyan vurduğu sahələr arasında idman da yer alır. Artıq 2020-ci ildə təşkilinə milyonlarla pul xərclənmiş bir çox nüfuzlu idman turnirləri ya təxirə salınıb, ya da ümumiyyətlə ləğv olunub. Hər il bir mərhələsi Bakıda təşkil olunan Formula 1, həmçinin 4 oyunu paytaxtımızda keçirilməsi nəzərdə tutulan AÇ-2020 təxirə salınan yarışlar sırasındadır.

Futbol idman növləri arasında ən çox ziyan görən sahələrdəndi desək, yəqin ki, yanılmarıq. Yuxarıda qeyd etdiyimiz kimi 4 oyununun paytaxtımızda keçirilməsi nəzərdə tutulan futbol üzrə Avropa çempionatı gələn ilə keçirilib. Hər il milyonlarla futbol azarkeşinin yaxından izlədiyi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqası, həmçinin Avropa Liqası kimi yarışlar da qeyri-müəyyən tarixə ertələnib.

Dünya futbol sevərlərinin sevimli idman növündən ayrı qaldığı bir zamanda, UEFA rəsmi veb səhifəsində üzvü olan ölkələrdə koronavirus pandemiyası ilə mübarizə ilə bağlı yazı paylaşıb. “Avropa futbolu COVİD-19 virusuna qarşı birləşdi” başlıqlı yazıda ölkəmizə də yer verilib.

Belə ki, Avropanın ali futbol qurumu yazının Azərbaycana həsr olunmuş hissəsində Peşəkar Futbol Liqasının rəsmi “instaqram” səhifəsindəki paylaşımdan, həmçinin Azərbaycan Premyer Liqa təmsilçisi “Sabah” Futbol Klubunun Koronavirusla Mübarizə Fonduna yardımı və çəkdiyi dəstək videosundan https://azvision.az/redirect.php?url=http://shorturl.at/bgp39 bəhs edib:

“Azərbaycan Peşəkar Futbol Liqası evdə qalan futbol sevərlərin və onların ailələrinin əhval-ruhiyyəsini qaldırmaq üçün instaqram səhifəsində yerli çempionatın oyunlarından əyləncəli fotolar paylaşıb.

“Sabah” FK-nın oyunçuları, məşqçilər heyəti və işçiləri isə Koronavirusla Mübarizə Milli Fonduna dəstək üçün öz aralarında 25.000 avrodan çox pul yığıblar. Sözügedən klub COVİD-19 xəstələrini müalicə etmək üçün gecə-gündüz çalışan həkim və tibb bacılarına dəstək xarakterli video da hazırlayıblar”.

Bu gün bütün dünya koronavirus pandemiyasına qarşı birləşib. Ölkəmizdə də bu virusla mübarizə ən yüksək səviyyədə davam edir. Bu cür məqamda futbol klubunun Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 manat dəyərində yardım etməsi təqdirəlayiq haldı. Bu hadisənin UEFA-nın rəsmi səhifəsində yer alması isə ölkə futbolu adına qürurvericidi.

Azvision.az


Teqlər: UEFA   Futbol   Azarkeş  





Xəbər lenti