Məktəbi “5”lə bitirib imtahandan kəsilən “əlaçılar”

Məktəbi “5”lə bitirib imtahandan kəsilən “əlaçılar”
  09 Sentyabr 2020    Oxunub:3297
2019-cu ildə tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96.67%-nin qəbul imtahanlarındakı nəticələri çox zəif – 0–200 bal intervalında olub.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ötən il məktəbi “5” qiymətlə bitirən məzunların isə yalnız 37.06%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.

Məlumatda qeyd edilib ki, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır.

"İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb, onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r> 0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik".

DİM-dən bildirilib ki, hər bir fənn üzrə attestat qiyməti “kafi” və “əla” olan abituriyentlərin qəbul imtahanlarında müvafiq fəndən topladıqları nisbi balların bal intervalları üzrə paylanma histoqramları təhlil edilib.

"Məlum olub ki, fənlər üzrə attestat qiymətləri “3” olan abituriyentlərin əksəriyyəti qəbul imtahanlarında analoji nəticə göstəriblər. Belə ki, bu abituriyentlərin ayrı-ayrı fənlər üzrə 74–98%-i 0–40 intervalında nisbi bal toplayıb. Deməli, ümumi təhsil məktəblərində verilən aşağı qiymətlər müəyyən edilmiş vahid standartlara xeyli dərəcədə uyğundur. Ancaq, təəssüf ki, “əla” ilə qiymətləndirmədə bunun əksini görürük. Bu, özünü fizika (I, IV qruplar), kimya (I, IV qruplar) və riyaziyyat (I, II qruplar) fənləri üzrə qiymətləndirmədə daha qabarıq göstərir. Fizika fənnindən əlaçı abituriyentlərin 29.89%-nin, kimya fənnindən 23.68%-nin və riyaziyyat fənnindən 18.39%-nin uyğun fənlər üzrə qəbul imtahanının II mərhələsində topladıqları nisbi balları 20-dən az olub.

Əlaçı abituriyentlərin 80-100 bal intervalındakı nəticələrinə nəzər saldıqda görürük ki, bu abituriyentlərin fizika fənni üzrə yalnız 9.27%-i, kimya fənni üzrə 17.18%-i və riyaziyyat fənni üzrə isə 13.56%-i 80–100 bal intervalında nəticə göstərərək özlərinin attestat qiymətlərini doğruldublar. Belə zəif nəticə göstərənlərin sayının çox olması bu fənlərin aşağı səviyyədə tədris olunması və qiymətləndirmədə standartlara əməl edilməməsi ilə əlaqədardır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Attestat  





Xəbər lenti