“Təhsil kartı” layihəsinin əhatə dairəsi genişləndirildi

“Təhsil kartı” layihəsinin əhatə dairəsi genişləndirildi
  10 Sentyabr 2020    Oxunub:3267
Ötən ilin noyabr ayından etibarən ölkənin bir sıra təhsil müəssisəsində tətbiq olunan “Təhsil kartı” layihəsinin əhatə dairəsi genişləndirilib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, Mərkəzi Bank, “Mastercard” və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinə də təhsil kartları təqdim olunub.

Bununla əlaqədar sentyabrın 9-da təqdimat mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və Azərbaycan Beynəlxalq Bankı, ali təhsil müəssisələrinin rəsmi nümayəndələri və tələbələr iştirak ediblər.

Mərasimdə bildirilib ki, “Təhsil kartı” vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə istənilən ödənişlərini həyata keçirə biləcəklər. Təhsil kartının ön hissəsində tələbə haqqında məlumat, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, oxu zallarına giriş üçün də istifadə edə bilər. Həmçinin təhsil kartı ilə aparılan ödənişlər zamanı tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq olunacaq.

Qeyd edək ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən layihə artıq 7 təhsil müəssisəsində tətbiq edilir və davamlı olaraq ona yeni təhsil müəssisələrinin qoşulması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Təhsil   Elm  





Xəbər lenti