Ali məktəblərdə nə qədər boş yer qalıb?

 Ali məktəblərdə nə qədər boş yer qalıb?
  24 Sentyabr 2020    Oxunub:7360
Bu il qruplar üzrə 5751 vakant yer qalıb. Onların 3048-i II qrupun payına düşür.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, I qrupda Azərbaycan bölməsində vakant yerlərin sayı 1309-dur.

"Bu qrupda ümumi vakant yerlərin sayı 1762-dir. I qrupda Azərbaycan bölməsində 200 baldan yüksək nəticə göstərən və ali məktəbə qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir. Əlavə yerləşdirmə zamanı ixtisas seçsələr, onların hamısı universitetə qəbul ola biləcəklər. I qrupda 150-dən çox bal toplayanların sayı isə 2013 nəfərdir. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1000-dən çox subbakalavr var. Rus bölməsində vakant yerlərin sayı daha çoxdur. Bu qrupda rus bölməsində 775 plan yerindən 176-sı boş qalıb. Rus bölməsi üzrə 200 baldan yuxarı nəticə göstərib, qəbul ola bilməyənlərin sayı cəmi 2 nəfərdir. Bu abituriyentlər də düzgün ixtisas seçsələr, qəbul ola biləcəklər. I qrupda rus bölməsində 150 baldan çox nəticə göstərənlərin sayı 123 nəfərdir".

Sədr bildirib ki, II qrupda ümumilikdə vakant yerlərin sayı 3048 təşkil edir: "Bu qrupda Azərbaycan bölməsində vakant yerlərin sayı 1727-dir. 200 baldan yuxarı nəticə göstərən və kənarda qalan bir abituriyent belə yoxdur. 150 baldan yuxarı nəticə göstərib, qəbul ola bilməyən 46 nəfər var. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1500 subbakalavr var. Rus bölməsi üzrə boş qalan yerlərin sayı 299-dur".

M. Abbaszadə əlavə edib ki, III qrupda vəziyyət həmişə olduğu kimi gərgindir: "Bu qrupda ümumilikdə vakant yerlərin sayı 296-dır. Azərbaycan bölməsində boş qalan cəmi bir vakant yer var. Rus bölməsində 283 vakant yer qalıb. Birgə müsabiqə olunan yerlər üzrə 12 yer qalıb. III qrupda 200 baldan yuxarı nəticə göstərib, kənarda qalan abituriyentlərin sayı 2157 nəfərdir. III qrupda ali məktəbə qəbul ola bilməyən 2000-ə yaxın subbakalavr var, mənə elə gəlir ki, onlar əlavə yerləşdirmə üçün sənəd verməyə bilərlər. Bəlkə də onlar rus bölməsi üzrə qəbul oluna bilərlər, amma Azərbaycan bölməsində şansları yoxdur".

DİM sədri qeyd edib ki, IV qrupda vakant yerlərin sayı 555-dir: "Amma bu yerlərin əksəriyyəti kənd təsərrüfatı sahəsi üzrədir. Qalan vakant yerlərin 400-ü Azərbaycan, 51-i rus bölməsi üzrə, 104 yer isə birgə müsabiqə üçün təqdim olunub. IV qrupda Azərbaycan bölməsində 200 baldan yuxarı nəticə göstərib kənarda qalanların sayı 52 nəfərdir. Onların ali məktəbə qəbul olma şansları çox yüksəkdir. Rus bölməsində isə belə abituriyentlərin sayı 11 nəfərdir. Bu qrupda rus bölməsində təxminən 900 nəfər subbakalavr ali məktəbə qəbul ola bilməyib. Onlar boş qalan yerlər üçün sənəd verə bilərlər".

M. Abbaszadə əlavə edib ki, V qrupda 90 boş vakant yer qalıb, bu yerlərin hamısı xüsusi qabiliyyət tələb edən ixtisaslardır: "Onun 46-sı Azərbaycan, 5-i rus bölməsi üzrə, 39-u birgə müsabiqə üçün təqdim edilib. Qabiliyyət imtahanları ləğv olunan bütün ixtisaslar üzrə yerlərin hamısı dolub".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM  





Xəbər lenti