AzTU-da yeni kafedra və şöbələr yaradıldı

AzTU-da yeni kafedra və şöbələr yaradıldı
  27 Noyabr 2020    Oxunub:4009
Noyabrın 27-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
Universitetdən Azvision.az -a verilən məlumata görə, rektor Vilayət Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük haqq mübarizəsində şanlı qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. Rektor bildirib ki, AzTU-da vətənpərvərlik ruhu hər zaman yüksək olub və universitetin 200-dən çox tələbə və məzununun ikinci Qarabağ müharibəsində iştirakı qürurvericidir. Vətən müharibəsində Azərbaycan Ordusu müasir texnoloji silahlardan istifadə etməklə düşmənin “məğlubedilməz ordu” mifini də darmadağın etdi. Ordumuz sübut etdi ki, artıq dünyada tanklar və toplarla deyil, müasir trendlərə uyğun yeni texnologiya ilə hazırlanan silahlarla müharibə aparıb qələbə qazanmaq mümkündür.

AzTU ölkədə müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitet olduğu üçün müasir dövrün tələblərini nəzərə alaraq Xüsusi texnika və texnologiya fakültəsinin strukturunda dəyişiklik etməyi qərara alıb. Bu məqsədlə Xüsusi texnika və texnologiya fakültəsinin tərkibində “Xüsusi təyinatlı materiallar və vasitələr” və “Radioelektron və aerokosmik vasitələr” kafedralarının yaradılması ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, yeni təsdiq edilmiş ixtisas siyahısında “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası nəzərdə tutulmadığı və həmin ixtisas üzrə artıq kadr hazırlığı aparılmadığı üçün Metrologiya və standartlaşdırma kafedrası ləğv edilib.

İclasda həmçinin qeyd olunub ki, AzTU-da patent və sertifikasiya işinin formalaşdırılması da vacib məsələlərdən biridir. Bu məqsədlə Tədqiqat və inkişaf şöbəsinin nəzdində “Metrologiya, standartlaşdırma, patent və sertifikasiya” xidməti yaradılıb.

Universitet-sənayə işbirliyinin gücləndirilməsi, biznes strukturları ilə əməkdaşlığın səmərəli və effektiv həyata keçirilməsi, elmi-tədqiqatlarda innovasiya istiqamətlərinin artırılması, məzunlarla əlaqələrin qurulması, onların işlə təmin olunması məqsədilə AzTU-da “İnnovasiya və Məşğulluq Mərkəzi”nin yaradılması qərara alınıb.

AzTU-da maliyyə və təminat məsələləri ilə bağlı struktur dəyişikləri edilərək “İqtisadiyyat və təminat” və “İnfrastruktur və təsərrüfat” şöbələri yaradılıb.
İclasda Abşeron Logistika Mərkəzinin nəzdində yaradılan AzTU-nun Logistika Tədqiqat, Tədris və Məsləhət Mərkəzinin əsasnaməsi də təsdiq olunub.

Azvision.az



Teqlər: AzTU   Kafedra  





Xəbər lenti