Qarabağda yeraltı hərbi kommunikasiyaların aşkarlanması üzrə tədqiqatlar aparılacaq

Qarabağda yeraltı hərbi kommunikasiyaların aşkarlanması üzrə tədqiqatlar aparılacaq
  02 Dekabr 2020    Oxunub:2472
AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan Azvision.az -a bildirilib ki, iclası müəssisənin direktoru, akademik Akif Əlizadə açaraq, 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsinin tarixi əhəmiyyətindən və bu ərazilərin yenidən elmi tədqiqatlara cəlb edilməsinin önəmindən bəhs edib. O, bu prosesdə institutun alim və mütəxəssislərinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb.

A.Əlizadə daha sonra şura üzvlərini iclasın gündəliyində duran elmi-təşkilati məsələlərlə tanış edib. Akademik GGİ-də bərpa olunan enerji mənbələri və mineral xammalın tətbiqi texnologiyasının işlənilməsi istiqamətlərində aparılacaq fənlərarası elmi-tədqiqat işləri ilə bağlı ətraflı məlumat verib.

Yığıncaqda geologiya-minerologiya üzrə elmlər doktoru Abdulvahab Muxtarov “Azərbaycanın geotermal atlası və geotermal enerji resursları kadastrının tərtib edilməsi” mövzusunda elmi-tədqiqat işi üzrə yekun hesabatı təqdim edib, sualları cavablandırıb.

İclasda, həmçinin akademik Fəxrəddin Qədirovun “Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkar edilməsi və geoloji təhlükələrin qiymətləndirilməsi” mövzusunda elmi-tədqiqat işinin proqramı maraqla qarşılanıb, geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib. Həmçinin Geologiya və Geofizika İnstitutunda Bakı Dövlət Universitetinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının filialının fəaliyyəti haqqında F.Qədirovun hesabatı dinlənilib.

Bundan əlavə, institutda koronavirus pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi qərara alınıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Azvision.az


Teqlər: AMEA   Qarabağ  





Xəbər lenti