“Virtual təhsilə dəstək” mövzusunda onlayn tədbir keçirilib

“Virtual təhsilə dəstək” mövzusunda onlayn tədbir keçirilib
  07 Dekabr 2020    Oxunub:1290
“Virtual məktəb” layihəsinə dəstəyin təşviqi məqsədilə Təhsil Nazirliyi tərəfindən özəl sektorun iştirakı ilə onlayn tədbir keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in məqsədi və imkanları barədə məlumat verib. Nazir müavini qeyd edib ki, hazırda layihə üzrə platformada ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Bununla yanaşı, layihənin əhatə dairəsi hər gün genişlənsə də, bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən təhsilalanlar və təhsilverənlər distant tədrisə qoşulmaqda çətinliklərlə üzləşirlər. Məhəbbət Vəliyeva bu kimi problemlərin qismən aradan qaldırılması üçün dövlət və özəl qurumlar arasında davamlı tərəfdaşlığın qurulmasının əhəmiyyətli olduğunu vurğulayıb.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Virtual məktəb” barədə geniş təqdimatla çıxış edərək platformanın üstünlükləri və mövcud yeniliklər barədə danışıb. Eyni zamanda, bildirilib ki, platforma özəl və dövlət sektor nümayəndələri ilə əməkdaşlığa açıqdır və artıq bir sıra qurumlarla səmərəli əməkdaşlıq qurulub. Belə ki, layihə çərçivəsində “Azercell” şirkəti 30 min müəllim, “AzEduNet” şirkəti isə 10 min müəllim üçün aylıq internet paketləri təmin edib, “BestComp” şirkəti min ədəd kompüter ianə edərək cəbhəyanı təhsil müəssisələrində internet kompüter mərkəzlərinin yaradılmasına dəstək verib. “Enginet”, “Bakcell” və “İTE” şirkətləri müəllimlər üçün xüsusi endirimli internet bağlantısı tarifi təqdim edib. “Crocussoft”, “Unibank” və “İnteqral” şirkətləri isə bu yaxınlarda uzun müddətli kredit şərtləri və endirimli qiymətlərlə təhsilalanlar və təhsilverənlər üçün avadanlıq həlləri təqdim edəcəklər. İdarə rəisi layihə üzrə Təhsil Nazirliyinin digər maraqlı şirkətlərlə də əməkdaşlığa açıq olduğunu bildirib.

Daha sonra layihə çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tədbir iştirakçıları ilə müzakirələr aparılıb.

Azvision.az


Teqlər: Təhsil   Virtual  





Xəbər lenti