"Qarabağın məşhur müəllimləri" - Fərhad Ağazadə

"Qarabağın məşhur müəllimləri" -  Fərhad Ağazadə
  11 Dekabr 2020    Oxunub:2094
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Azərbaycan pedaqoqu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist Fərhad Ağazadədir.
Azvision.az xəbər verir ki, 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olub. Azərbaycan mədəniyyət, ədəbiyyat, xüsusilə də dilçilik tarixinin görkəmli nümayəndəsi Fərhad Ağazadə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış maarif xadimi, pedaqoq və jurnalist olub.

Fərhad Ağazadə 1900-cü ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra Xaldan, Şuşa, Gorus, Gəncə məktəblərində müəllim işləyib. 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirib, rus-müsəlman və "Səadət" məktəblərində çalışıb. Fərhad Ağazadə deyirdi: "Vətənin gələcəyi müəllimdən, məktəbdən asılıdır".

Ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olub. Mirzə Fətəli Axundovdan sonra dilimizin saflığı və əlifbamızın islahı uğrunda mübarizə aparan ikinci böyük şəxsiyyət kimi səciyyələndirilir. "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri idi və məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı.

Fərhad Ağazadə proqram, dərslik tərtibi, savadsızlığın ləğvi sahəsində misilsiz xidmət göstərib. Azərbaycan dilinin orfoqrafiyası elmi şəkildə ilk dəfə Fərhad Ağazadə tərəfindən işlənib. Mətbuat və maarif tariximizin sütunlarından sayılan Fərhad Ağazadənin yazdığı dərsliklər, lüğətlər, kitablar bu gün də öz aktuallığını itirməyib.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Azvision.az


Teqlər: Qarabağ   Müəllim  





Xəbər lenti