Bakıda “Avro-2020” oyunlarına 50 faiz azarkeş buraxılacaq
Azvision.az AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və “Avro-2020”nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərti ilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərti ilə).
Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub.
Azarkeşlərin “Avro-2020”nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlar ilə əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
Azvision.az
Teqlər: Avro-2020