Minalanmış siyasət

 Minalanmış siyasət
  09 Aprel 2021    Oxunub:11395
Şəlalə Göytürk

Vətən müharibəsi zamanı Azərbaycanda indiyədək görünməmiş xalq-dövlət-ordu birliyi yaşandı. İnsanlarımızı heç zaman bu 44 gündəki qədər mehriban, həssas, səmimi görməmişdim. Ordu xalqa arxalanır, xalqın ürəyi ordu ilə bir vururdu; dövlətlə xalq tarixi heyrətləndirəcək dərəcədə doğmalaşmışdı.
Azərbaycan xalqını yumruğa çevirən müqəddəs amal körpədən qocaya qədər hər kəsi bir hədəf uğrunda birləşdirmişdi. Azərbaycan xalqı mövzu vətən olunca, heç bir müdaxiləyə ehtiyac olmadan, kənar təsirsiz, təbii instinktlə yumruq kimi birləşməyin nümunəsini dünyaya göstərdi.

Lakin təəssüflər olsun ki, müharibədən sonra bu birlik, həmrəylik sanki əvvəlki effektini itirməyə başlayır. Canlar verdik, qanlar tökdük, 30 il əvvəl itirdiyimiz torpaqları geri aldıq. Hamımız bilirik: müharibə rəsmi surətdə başa çatsa da müharibə şəraiti müxtəlif cəbhələrdə yenə də davam edir.

Ermənistan dövləti hər zamankı kimi beynəlxalq hüququn norma və prinsiplərini postmüharibə dövründə də pozmaqda israrlıdır. Mina xəritələrini Azərbaycan tərəfinə verməməklə bölgədə gərginliyi artırır və hərb dövründən sülh dövrünə keçidin baş tutmasına bilərəkdən əngəllər yaradırlar. Mina xəritələrinin qarşı tərəfə verilməməsi BMT-nin vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaq barədə beş qətnaməsinə məhəl qoymamaq siyasətinin davamıdır.

Azərbaycan hakimiyyəti isə hər zamankı kimi bu məsələdə də təmkinli və məntiqli davranmaqla beynəlxalq qanunlar çərçivəsində öz tələblərini yerinə yetirməkdə, cığal Ermənistanı beynəlxalq məhkəməyə verməkdə iddialı görünür. Təxribatdan kənar, provakasiyaya uymayan ən doğru addım da elə budur.

Ermənistanla münasibətlərimizin hələ bulanıq olduğu bu dönəmdə Azərbaycan xalqı eynilə müharibə günlərində olduğu kimi, yenə də bütün addımları ilə dövlətimizin yanında olmalıdır. Bu gün xalqımızın dövlətimizə və ordumuza göstərəcəyi ən böyük dəstək və anlayış azad olunmuş torpaqlara qanunsuz səfərlərdən çəkinməkdir. Dövlət vətəndaşın həyatı və sağlamlığından yana sorumluluq daşıyır. Müharibə zamanı verdiyimiz itkilər azdırmı ki, hələ müharibə sonrası da erməni minalarına qurban getmək istəyirik?

Baş Prokurorluq, DİN, DTX, ANAMA və digər əlaqəli müvafiq dövlət və hökumət qurumlarının dəfələrlə etdiyi xəbərdarlıq və çağırışlarına baxmayaraq, vətəndaşlarımız minalanmış ərazilərə səfər edir, öz həyatlarını riskə atırlar. Rəsmi məlumatlara görə noyabrın 10-dan bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər dünyasını dəyişib, 79 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 2020-ci il də daxil olmaqla, Ermənistanla münaqişə dönəmində Azərbaycanda 2439 nəfər təhlükəli partlayıcılardan zərər çəkib, onlardan 383 nəfər həyatını itirib, 2056 nəfər isə ağır xəsarətlər alıb. Bu statistika on milyonluq əhali sayı üçün heç də az rəqəm deyil.



Belə ümumxalq yüklü məsələlərdə əhalini maarifləndirmə görəvi dövlət strukturları ilə yanaşı, həm də QHT və KİV-lərin öhdəsinə düşür. QHT-lərin fəaliyyətindən söz düşmüşkən, Umud Mirzəyevin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun bu istiqamətdəki səmərəli fəaliyyətini xüsusi vurğulamaq lazımdır. BMT-də təmsil olunan yeganə Azərbaycan Qeyri Hökumət Təşkilatı BAMF uzun illərdir ki, istər bu problem, istərsə də Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlərdə yerli və beynəlxalq ictimaiyyəti yüksək səviyyədə məlumatlandırma, maarifləndirmə yönündə fəal iş aparır. Ümumiyyətlə, BAMF I Qarabağ müharibəsindən bəri topladığı bilgi və təcrübə üstünlüyü ilə gənc QHT-lər üçün məktəb rolunu oynaya bilər.

Umud Mirzəyevin sözlərinə görə, mina problemlərini bilən, mina təhlükəsi ilə mübarizə proqramına müəyyən qatqısı olan 5 QHT vətəndaş cəmiyyəti institutlarına, beynəlxalq qurumlara müraciət edib: “Müraciətin məğzi budur ki, onlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı İrəvana öz təsirlərini göstərsinlər, ən azından bununla bağlı çağırışlar etsinlər. Çox təəssüf ki, belə problemlər bir sıra beynəlxalq qurumlarda görməzdən gəlinir. Halbuki, mina təhlükəsi ciddi humanitar problemlər yaradır. Amma hələ də ayrı-ayrı insan haqları təşkilatları və digər qurumlar Azərbaycanın mina problemini səssiz qarşılayır”.

Durum belədir, əziz yurddaşlarım! Doğma ocağa qovuşmaq arzusu nə qədər güclü olsa da, emosiyalarımıza hakim olmalıyıq. O torpaqlar uğrunda əfsanəvi qəhrəmanlarımızı, hər biri bir orduya bərabər igidlərimizi qurban verdik! Düşünün, bir ana, bir ata, bir körpə minaya düşərək həyatını itirdikcə, o torpaqlarda qanı tökülən igid şəhidlərimizin ruhu dinclik tapmayacaq...

Lütfən, o ruhları incitməyək...

Bir də burasını düşünün: Axı dünyanı heyrətləndirəcək dərəcədə professional müharibə aparan bir ölkənin vətəndaşları dövlət qanunlarını pozacaq qədər anarxist, naşı, saymazyana ola bilməz, olmamalıdır...



Teqlər: Mina  





Xəbər lenti