Ölkəyə külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı

   Ölkəyə külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
  05 May 2021    Oxunub:1687
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, son günlərdə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəti­cəsində təxmini çəkisi 17 kiloqram narkotik vasitənin və 17715 ədəd güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Aprel ayının 25-də Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 1 ədəd torbanın içərisində ümumi çəkisi 1540 qram qurudulmuş marixuanaya bənzər maddə aşkarlanaraq götürülüb.

May ayının 4-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Ostair kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmasının qarşısı alınmış, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışlar. Ərazi dərhal qapadılaraq keçirilmiş axtarış təd­birləri nəticəsində 1 ədəd qara rəngli çantanın içərisində 11 550 qram narkotik vasitəyə (3415 qram “marixuana”, 5085 qram “heroin”, 2030 qram “tiryək” və 1020 qram “metamfetamin”) bənzər maddələr aşkarlanaraq götürülüb.



Həmin gün Yardımlı rayonunun Abbaslı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respub­likasından Azərbaycan Respublikasının ərazisinə hərəkət edən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd nar­yadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərən sərhəd pozucuları saxlanılmışlar. Saxlama zamanı sərhəd pozucularından biri sərhəd naryadına qarşı bıçaqla müqavimət göstərmiş, cinayətkar tərksilah olunarkən üz nahiyəsindən yüngül xəsarət almış, hadisə yerində ona ilkin tibbi yardım göstərilib.

Saxlanılan şəxslərin İran vətəndaşları 1973-cü il təvəllüdlü Səidi Zeğəm Səyyad və 1983-cü il təvəllüdlü İbrahim Seyiddi Ağabala olmaları müəyyən­ləş­dir­ilib. Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə gətirdikləri ümumi çəkisi 3935 qram narkotik vasitəyə (3840 qram “marixuana” və 95 qram “metamfetamin”) bənzər maddələr və 17715 ədəd “Preqabalin” həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Azvision.az


Teqlər: DSX   Narkotik  





Xəbər lenti