Deputat yumşalmalarla bağlı təkliflər irəli sürdü
O bildirib ki, son günlər yoluxma sayında azalmaların müşahidə edildiyini nəzərə alsaq, gələn aydan yumşaldılmaların olacağı istisna edilmir:
"Təbii ki, mövcud vəziyyətə uyğun olaraq karantin tədbirlərinin yumşaldılması və bütövlükdə real sektordakı məhdudiyyətlərin bir qisminin aradan qaldırılması məqsədəuyğun olardı. Yaz aylarında Azərbaycanda sərt karantin tətbiq olunmadan yoluxma sayını lokallaşdırmaq mümkün oldu. Etiraf edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah son aylar bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirdi. Yoluxma sayının azalması və epidemioloji vəziyyətin uyğun olması yeni qərarların qəbul edilməsini istisna etmir. Bu kontekstdə biz təklif edirik ki, turizm mövsümünün yaxınlaşmasını nəzərə alsaq, Azərbaycana gəlişlə bağlı qaydaların yumşaldılması məqsədəuyğun olardı. Hazırda Azərbaycana gəlməklə bağlı xüsusi qaydalar qüvvədədir. Bu baxımdan daha məqsədəuyğun olardı ki, seçilmiş ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayış tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur".
V.Bayramov onu qeyd edib ki, iqtisadiyyatda digər istiqamətlərdə məhdudiyyətlərin yumşaldılmasının mərhələli şəkildə həyata keçirilməsi tövsiyə olunandır:
"Uzun müddət müzakirə olunan məsələlərdən biri də toyların keçirilməsinə icazə verilməsi və idman zallarının fəaliyyətə başlaması ilə bağlıdır. Fikrimcə, xüsusi qaydalar hazırlayıb tətbiq etməklə bu istiqamətdə yumşaldılmaya gedilməsi doğru olardı".
Anar Kəlbiyev
Azvision.az