Azərbaycan-Ermənistan sərhədində baş vermiş demarkasiyası mübahisəsi, ölkəmizin bu ərəfədə hərbi təlimlər keçirməsi və Zəngəzur dəhlizi mövzusu regionda yenidən gərginliyin yarana bilmə ehtimalını artırır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məhz bu günlərdə Bakıya səfərinin gözlənilməsi də ekspertlər tərəfinsən əsasən bu kontekstdə şərh olunur. Üstəgəl, Ermənistanda seçki ərəfəsində siyasi sabitliyin olmaması və hər an vətəndaş qarşıdurmasının baş verə biləcəyi ehtimalı da nəzərə alınmalıdır.
Xamenei: "BCM həbs yox, edam hökmü çıxarmalı idi" |
Diqqətçəkən məqam ondan ibarətdir ki, İran və Ermənistanda seçkilər təxminən eyni vaxtda keçiriləcək. Seçkidən sonra ictimai-siyasi proseslərin nəzarətdə saxlanılması üçün hər iki ölkəyə vaxt tələb olunur. İranda seçkilərin keçirilməsi bu ölkənin xarici məsələlərdə müdaxilə imkanlarını məhdudlaşdırdığı üçün, istisna deyil ki, Tehran ilk növbədə rəsmi Bakıdan həmin müddət ərzində Ermənistana qarşı güc tətbiq etməyəcəyilə bağlı zəmanət almaq istəyəcək. Təbii ki, Azərbaycan bu zəmanətin müqabilində Ermənistan tərəfindən məlum 10 noyabr bəyanatının müddəalarını tam həcmdə icra etməsi üçün Tehran vasitəsilə Yerevana öz mesajını çatdıracaq.
Təsadüfi deyil ki, Zərifin regiona səfəri məhz Azərbaycan paytaxtından başlayır və o, burada keçirdiyi görüşlərdən sonra Yerevana yollanacaq. Bu mənada Zərifin üzərinə düşən və Tehranın maraqlarına cavab verən missiya Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası məsələsində üzlaşmanın əldə olunmasını təmin eməkdir ki, gələcəkdə hər hansı gərginləşmə baş verməsin.
Digər əsas müzakirə mövzularından biri isə, müharibədən sonra Cənubi Qafqaz regionunda formalaşmış yeni reallıqlar çərçivəsində irəli sürülən “3+3” formatıdır. Bu format Cənubi Qafqazda daha əvvəl mövcud olan əməkdaşlıq platformalarının birləşdirilməsi və Ermənistanın da bu formata qoşulmasını ehtiva edir. “3+3” formatı Cənubi Qafqazın üç respublikasının Türkiyə, Rusiya və İranla qarşılıqlı faydalı iqtisadi-siyasi əməkdaşlığını nəzərdə tutur.
İran artıq bu platformanı dəstəklədiyini bəyan edib. Hələ ilin əvvəlində Türkiyəyə səfəri zamanı Zərif Çavuşoğlu ilə görüşündən sonra Tehranın bu məsələdə mövqeyinin müsbət olduğunu bildirmişdi. Həmçinin emənistanlı həmkarı Ayvazyanla görşündən sonra da, Zərif Naxçıvan vasitəsilə İranla Ermənistan arasında dəmir yolunun bərpasının mümkünlüyündən söz açmışdı. Eyni zamanda, prezident İlham Əliyev ADA universitetində keçirdiyi görüş zamanı verdiyi açıqlamada İranın “3+3” formatına dəstək verdiyini bildirmiş və Naxçıvan vasitəsiylə İranla Ermənistan arasında nəqliyyat dəhlizinin qurulmasının mümkünlüyündən söz açmışdı.
Qeyd etmək lazımdır ki, İran çoxdandır Ermənistan vasitəsilə Gürcüstana, oradan isə Qara Dənizə çıxış əldə etməyə çalışır ki, bu yolla bir tərəfdən öz mallarını dünya bazarına çıxara bilsin, “İpək Yolu”nun davamı onun ərazisindən keçməklə, Qara Dənizə getsin, həmçinin Gürcüstana qaz satmaq imkanı əldə etsin ki, Tbilisini Bakının enerji asılılığından çıxarsın və öz təsiri altına salsın. Lakin, Ermənistanla İran arasında yerləşən Zəngəzur ərazisinin çətin relyefi və nəqliyyat infrastrukturunun olmaması bu layihənin reallaşmasını mümkünsüz edir. Bu baxımdan, İran üçün Naxçıvan üzərindən Ermənistana dəmir yolu xəttinin çəkilməsi dəyəri milyardlarla ölçülən layihənin demək olar ki pulsuz reallaşması anlamına gəlir.
Təbii ki, sonrakı mərhələdə Tehran öz məhsullarının Ermənistan üzərindən Gürcüstana, buradan isə Qara Dənizə ixracına çalışacaq. Ancaq bu, heç bir halda Azərbaycanın maraqlarını zədələməyəcək. Çünki Azərbaycanın Avropa Bazarına çıxış üçün artıq alternativ Zəngəzur dəhlizi formalaşmış olacaq. Digər tərəfdən, Gürcüstanla münasibətləri xoş olmayan, eyni zamanda, Ermənistan dəmir yollarının sahibi olan Rusiya İranın bu planlarını heç də sevinclə qarşılamayacaq.
İran Zəngəzur dəhlizi layihəsini dəstəkləməklə Rusiya ilə ABŞ arasında ikili siyasi oyun da oynaya bilər. Tehran dəhlizin açılmasının tərəfdarı kimi bir tərəfdən Rusiya və Azərbaycanla həmrəyliyini nümayiş etdirərkən, digər tərəfdən layihənin məhz İran-Ermənistan-Gürcüstan marşrutu hissəsini dəstəkləməklə Ermənistanın Rusiya və Türkiyənin təsirindən çıxaraq Gürcüstan vasitəsiylə Qərb dünyası ilə inteqrasiyasına şərait yaratdığını Vaşinqtona göstərir.
Tofiq Vahid
Azvision.az