FHN-dən əhaliyə hava xəbərdarlığı
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşam saatlarından başlayaraq iyunun 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. Bundan əlavə, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı və dolu düşəcəyi gözlənilir.
Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləkli və əlverişsiz hava şəraitinin, o cümlədən ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
Həmçinin, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.
Eləcə də ildırım çaxan zaman:
- evdəsinizsə, qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın, evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;
- telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmayın;
- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;
- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.) ;
- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin. Nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir;
- yüksəklikdə, yaxud düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çökək yerə enib, dizlərinizi qucaqlayaraq oturun;
- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin.
Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı “112”-yə zəng edin!"
Azvision.az
Teqlər: FHN